Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) qlobal medianın diqqət mərkəzindədir.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bir çox ölkələrin xəbər agentlikləri, saytları, televiziya kanalları və çap mediası WUF13-ün açılış mərasimini işıqlandırıb, auditoriyanı Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi tədbirin gündəliyinin əhəmiyyəti barədə məlumatlandırıb.
Bir sıra televiziya kanalları WUF13-ün açılış mərasimini canlı yayımlayıb. Çoxsaylı xəbər materiallarında dövlətimizin başçısının çıxışından fikirlər yer alıb. Prezident İlham Əliyevin Azərbaycanda şəhərsalmanın sürətli templəri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış Proqramı ilə bağlı fikirləri vurğulanıb. Azərbaycan Prezidentinin dünyanın hər yerindən on minlərlə nümayəndənin qatılacağı beynəlxalq tədbirin gündəliyinin əhəmiyyəti ilə bağlı fikirlərinə xüsusi diqqət yetirilib.
Eyni zamanda, qeyd edilib ki, Bakıda keçirilən tədbirdə qeydiyyatdan keçmiş iştirakçıların sayı rekord həddə çatıb və bu, WUF13-ü COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirə çevirir. Bundan başqa, materiallarda Bakıdakı tədbirə marağın səviyyəsini misilsiz adlandıran BMT-nin Məskunlaşma Proqramının nümayəndələrinin çıxışlarından sitatlar gətirilib. BMT-nin Baş katibi Antonio Quterreşin sessiya iştirakçılarına ünvanladığı videomüraciətdən bəhs olunub. Vurğulanıb ki, o, mənzil təminatının insanların sağlamlığına, təhsilinə və gələcək imkanlarına birbaşa təsir etdiyini vurğulayaraq, Azərbaycanda müzakirələrin vacibliyini qeyd edib.
Həmçinin bildirilib ki, WUF13 platforması xarici qonaqlara Azərbaycanda şəhərsalma və memarlıq sahəsində baş verən dəyişikliklərlə daha dərindən tanış olmaq imkanı verir. Ayrı-ayrı dövlətlər, xüsusilə Türkiyə rəsmiləri COP31 iqlim sammitinə hazırlıq da daxil olmaqla, beynəlxalq tədbirlərin təşkilində Azərbaycanın təcrübəsindən istifadə etməyə hazır olduqlarını bildiriblər.
Moldovanın "Noi.md" xəbər portalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılış mərasiminə dair geniş məqalə dərc edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi rəsmi açılış mərasimi, həmçinin WUF13-ün əhəmiyyəti barədə geniş məlumat verilib. Yazıda Azərbaycan Prezidentinin çıxışından sitatlar təqdim olunub.
Prezident İlham Əliyevin Azərbaycanın şəhərsalma sahəsində sürətli inkişafı, Bakı, Gəncə, Şamaxı və digər şəhərlərin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, eləcə də "Böyük Qayıdış" proqramı ilə bağlı fikirlərinə xüsusi diqqət yetirilib.
Məqalədə dövlətimizin başçısına istinadla qeyd olunur ki, forumda qeydiyyatdan keçmiş iştirakçılar rekord saydadır, 182 ölkədən 45 mindən çox iştirakçı qeydiyyatdan keçib. Bu, ilyarım əvvəl keçirilən COP29-dan sonra bu tədbiri indiyə qədər Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirə çevirir. Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub.