Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Mossad"a qarşı quruma İsrail agenti rəhbərlik edirmiş: Yaxın Şərqdə nələr gözlənilir?
2023-cü ilin 7 oktyabrında HƏMAS-ın İsrailə hücumundan sonra geridə qalan bir il ərzində İran-İsrail qarşıdurması aktiv, həm də fərqli məcraya qədəm qoyub. Qarşıdurmada ən çox diqqət çəkən məqamlardan biri də casus şəbəkəsi ilə bağlıdır. İsrailin əldə etdiyi üstünlüyə nəzər salanda da bunun mənbəyində casus şəbəkəsinin aktivliyini görmək mümkündür. Çünki istər HƏMAS-ın lideri İsmayıl Haniyənin İranda öldürülməsi və bunda İsrail casus şəbəkəsinin əlinin olduğunun deyilməsi, istər İsrailin mütəmadi olaraq İrana məxsus hərbi baza və dövlət əhəmiyyətli obyektlərin koordinatlarını paylaşması, istər iranlı generalların öldürülməsi buna nümunə kimi göstərilir. Hətta son olaraq "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsindən sonra hadisədə SEPAH-ın Qüds qanadının komandiri İsmayıl Qaaninin əli olduğu, yəni onun İsraillə əlaqəsi olduğu şübhəsi ortaya çıxdı və o, istintaqa cəlb olundu.
Ən maraqlı məqam isə İranın sabiq prezidenti Mahmud Əhmədinejadın açıqlaması olub. Keçmiş prezident etiraf edib ki, vaxtilə İranda İsrailin xüsusi xidmət orqanı olan "Mossad"a qarşı xüsusi qurum yaradılıb, lakin çox sonralar məlum olub ki, qurum rəhbərinin özü İsrail agenti imiş. Yəni görünən odur ki, sanki İran İsrail agenturasının təsiri altına düşüb və hətta İran rəsmilərinin özləri də bundan narahat olduqlarını gizlətməyiblər.
Mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq Natiq Miri hesab edir ki, bu amil İranda ciddi anlamda təhlükəsizlik boşluğunu göstərir:
"İranda əsas güc mərkəzləri ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) və demək olar ki, bütün idarəetmə strukturlarına nəzarət edən SEPAH-dır. Maraqlıdır ki, bu məsələlərə görə SEPAH rəhbərliyindən konkret hesabat tələb olunmur. Ən azından, HƏMAS-ın lideri Haniyənin ölkənin qəlbində öldürülməsi İran dövlətinə həqarət olmaqla bərabər, həm də SEPAH-ın üzərinə çox böyük məsuliyyət qoyurdu. Çünki Haniyənin öldürüldüyü məkanın təhlükəsizliyi bilavasitə SEPAH-a aiddir. Lakin bununla bağlı biz ciddi bir fəaliyyət, kimlərinsə məsuliyyət daşımasını müşahidə etmədik".
Politoloq hesab edir ki, SEPAH güc mərkəzi kimi böyüdükcə, İranın inkişafının qarşısında ən böyük əngələ çevrilir:
"Çünki İsrail İran dövlətinin bütün kəşfiyyat strukturlarına, güc orqanlarına, dövlət idarəetməsinə rahatlıqla sıza bilibsə və bir günün içində uzun illər ərzində formalaşan "Hizbullah" kimi böyük bir təşkilatın rəhbərliyini məhv edə bilibsə, bu, artıq dövlət təhlükəsizliyi adına böyük bir fiaskodur, məğlubiyyətdir və belə bir dövlət İsraili hədələyirsə, bu hədəni hansı güc mərkəzi, hansı dövlət ciddi qəbul edər? Ona görə də İsrail bu cür boşluqlardan istifadə edərək daha da irəliyə getmək istəyir. Dünənə kimi HƏMAS-la mübarizə aparan İsrail bu gün Livana hərbi müdaxilə edir və əmin olun ki, "Hizbullah" tamamilə zərərsizləşdiriləndən sonra növbəti ünvan Suriya ola bilər".
"Diqqət yetirsək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da İsrailin "vəd olunmuş torpaqlar" ideyası kontekstində hərəkət etdiyini əbəs yerə demədiyini görərik. Çünki plan onu göstərir. Doğrudur, burada İsrailin birbaşa Türkiyəni hədəfə alması nəzərdə tutulmur və yaxın perspektivdə bu, mümkün də deyil. Ancaq əgər Livan "Hizbullah"ı asanlıqla ram edilirsə, İsrailin növbəti hədəfi Suriya olacaq və Suriyadan İraq torpaqlarına bir dəhliz açmaq iştahaları qabaracaq. Bu da o deməkdir ki, Suriyanın şimalında, yəni Türkiyə ilə həmsərhəd cənub bölgələrində bir PKK kürd terror dəhlizi dövləti yaratmaq layihəsi yenidən aktivləşdiriləcək ki, bu da Türkiyə dövlətinin təhlükəsizliyini təhdid edən məsələdir. Yəni dolayısı ilə İranın zaman-zaman buraxdığı bu cür boşluqlar, paralel olaraq, bir də həyata keçirdiyi prioritet siyasət təkcə İran dövlətinin özünə yox, bütün islam dünyasına zərər verir. Baxmayaraq ki, İran rəhbərliyi son raket hücumunu bütün islam adına böyük qələbə kimi qələmə verdi", - deyə müsahibimiz əlavə edib.
Mərahim Nəsib