İranın Azərbaycandakı keçmiş səfiri, hazırda Prezident Administrasiyasının protokol və rəsmi tədbirlər üzrə müavini Seyid Abbas Musəvi növbəti dəfə cəfəng açıqlamalar verib. O bildirib ki, İran bölgədə geosiyasi sərhədlərin dəyişdirilməsini qəbul etmir.
Musəvi "Qafqaz bizim evimizdir" ifadəsini işlədərək regionun İran üçün xüsusi əhəmiyyət daşıdığını dilə gətirib və bölgənin tarixən İranın təsir və sivilizasiya arealının bir hissəsi olduğunu bildirib. Musəvinin sözlərinə görə, məhz bu səbəbdən Tehran Cənubi Qafqazdakı proseslərə Türkiyə və Rusiyadan daha həssaslıqla yanaşır.
Keçmiş səfir Zəngəzur dəhlizi ətrafındakı müzakirələrə də toxunaraq, hazırda prosesdə Ermənistan və ABŞ-nin daha fəal rol oynadığını, "Azərbaycanın isə kənarda qaldığını" iddia edib. O, bəzi dairələrdə layihənin "Tramp marşrutu" adlandırılmasına da istehzalı münasibət bildirib.
Sabiq səfirin son açıqlamaları, daha dəqiq desək son çərənləməsi bir daha göstərir ki, Tehran Cənubi Qafqaza hələ də müstəqil dövlətlərin suveren maraqları prizmasından deyil, təsir zonası kimi baxır. Musəvinin "Qafqaz bizim evimizdir" ifadəsi də məhz bu düşüncənin açıq təzahürüdür.
Lakin 21-ci əsrin siyasi reallıqları fərqlidir. Qafqaz nə İranın, nə Rusiyanın, nə də başqa bir imperialist ölkənin evidir.
Musəvinin açıqlamalarında diqqətçəkən digər məqam Zəngəzur dəhlizi məsələsinə münasibətdir. İran rəsmiləri uzun müddətdir bu layihəyə qarşı çıxış edir və geosiyasi sərhədlərin dəyişdirilməsi kimi təqdim etməyə çalışırlar. Halbuki Azərbaycanın mövqeyi beynəlxalq səviyyədə dəfələrlə izah olunub: söhbət sərhədlərin dəyişdirilməsindən deyil, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasından gedir.
Ziddiyyət ondadır ki, Tehran illərlə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına qarşı ciddi mövqe ortaya qoymadığı və Ermənistanı "qırmızı xətti" adlandırdığı halda, işğaldan sonra yaranan yeni regional əməkdaşlıq imkanlarına qarşı daha sərt reaksiya verir. Bu isə İrandakı siyasi dairələrin məsələyə hüquq və ədalət prizmasından deyil, qərəzli şəxsi ambisiyaları mövqeyi yanaşdığını göstərir.
Başqa bir məqam, Azərbaycan əhalisinin böyük əksəriyyəti müsəlmandır və ölkəmiz İslam dünyasının mühüm üzvlərindən biridir. Buna baxmayaraq, İran rəsmilərinin və media qurumlarının Azərbaycana qarşı sərt, ittihamedici və bəzən açıq şəkildə düşmənçilik xarakterli ritorikası səngimir. Bu yanaşma nə iki ölkə arasındakı tarixi bağlara, nə dini yaxınlığa, nə də qonşuluq münasibətlərinə uyğun gəlir. Özünü İslam ölkəsi adlandıran İran, işğal dövründə Ermənistanın məscidlərimizdə donuz saxlamasına, dini məkanlarımızı dağıtmasına reaksiya vermədiyi halda, Ermənistanın təəssübünü çəkib, İrəvanda yeganə qorunub saxlanlan və Azərbaycana məxsus "Göy məscid"i öz adına çıxarıb ki, Ermənistanla birlikdə tarixi də saxtalaşdırsın. Tehran bu dərəcədə qeyri-səmimi, absurd, İslam dinindən uzaq, riyakar dövlətdir.
Azərbaycan isə hətta əksər hallarda münasibətlərin tamamilə pozulmaması üçün daha təmkinli xətt yürütməyə çalışıb. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi heç bir üçüncü dövlətə qarşı istifadə oluna bilməz və regionda qarşıdurma deyil, əməkdaşlıq tərəfdarıdır. Hətta İran ərazisi hücuma məruz qalanda, Bakıdan yerli əhali üçün humanitar yardımlar da göndərildi. İran bütün bunlara yenə də bu cür cavab verirsə, indiki darmadağın, böhran və xaos içində olduğu durumun cavabını axtarmaq üçün çox da baş sındırmağa ehtiyac yoxdur. Yəni bu ölkə üçün normal münasibətlərdən daha çox, qarşıdurma və destruktiv siyasət daha çox önəm kəsb edir. Lakin heç kim unutmasın ki, Azərbaycan öz suveren hüquqlarından və milli maraqlarından geri çəkilməyəcəyini açıq şəkildə nümayiş etdirib.
Bu kontekstdə Ermənistanın belə "hədəf alına biləcəyi" ilə bağlı yayılan sərt açıqlamalar isə xüsusilə maraq doğurur. Belə ki, Tehran bir tərəfdən bölgədə sabitlik və təhlükəsizlikdən danışır, digər tərəfdən isə qonşu dövlətlərə qarşı hərbi ritorikadan istifadə edir, hətta özünün belə "qırmızı xətti"ni tapdamaqdan da çəkinmir. Bu cür bəyanatlar regional etimad mühitinin formalaşmasına deyil, əksinə, gərginliyin artmasına xidmət edir.
Bu gün Cənubi Qafqazın ehtiyacı yeni təsir dairələri uğrunda mübarizə deyil, iqtisadi inteqrasiya, nəqliyyat əlaqələrinin genişlənməsi və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıqdır. Bölgə dövlətlərinə "bizim evimizdir" prizmasından baxmaq keçmiş imperiya düşüncəsinin qalığıdır və müasir beynəlxalq münasibətlər sisteminə uyğun gəlmir.
Əgər Tehran həqiqətən regionda sabitlik istəyirsə, qonşularının suveren seçimlərinə hörmət etməli, təhdid dilindən imtina etməli və Cənubi Qafqazı rəqabət meydanı deyil, əməkdaşlıq məkanı kimi qəbul etməlidir. Əks halda, bu cür bəyanatlar İranın özünün regiondakı nüfuzuna zərbə vurmaqdan başqa nəticə verməyəcək.