Hövsan qəsəbəsində yerləşən MİDA-1 yaşayış kompleksində su təchizatında yaranan problemlə bağlı Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) açıqlama verilib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şosesinin 10-cu kilometrliyində yerləşən nasosxanada aidiyyəti qurum tərəfindən təmir-bərpa işləri aparılıb və suyun verilməsi təmin olunub.
"Məlumat üçün bildiririk ki, bərpa işləri yekunlaşana qədər əhalinin su ilə bağlı tələbatının qarşılanması məqsədilə yaşayış komplekslərinin ərazisində zəruri şərait yaradılıb", - deyə açıqlamada qeyd olunub.
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən MİDA-1 yaşayış kompleksinin sakinləri içməli suyun verilməsində ciddi problem yarandığını deyirlər.
Bu barədə Oxu.Az-a müraciət edən sakinlər bildiriblər ki, kompleksə suyun verilişi dayanıb və bu vəziyyət iki gündür davam edir:
"Yayın qızmar günlərində susuz qalmışıq. Gələndə də çirkli su olur. Boğaza yığılmışıq. Xəbərdarlıq etmədən suyu kəsiblər".
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, MİDA-1 yaşayış kompleksinin tullantı su nasos stansiyasında yaranan nasazlıqla bağlı müvəqqəti suyun verilməsi dayandırılıb:
"Məsələ ilə bağlı sakinlərə bina rəhbərliyi tərəfindən məlumat verilib. Hazırda nasos stansiyasında təmir işləri görülür, qısa zamanda yekunlaşdırılacaq".
Qeyd edək ki, məsələ ilə bağlı MİDA-ya da sorğu ünvanlanıb.