"Neftçi" "Makkabi"dən Freddi Varqas transferini rəsmiləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Anlaşmaya əsasən, Venesuela milli komandasının futbolçusu 2+1 il ərzində "Neftçi"nin formasını geyinəcək.
Varqas 2025-ci ilin yayında İsrailin "Makkabi" (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülüb. 27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol, 8 assist müəllifi olub.
Xatırladaq ki, Freddi Varqasın Azərbaycan Premyer Liqasının 30-cu turunda "Karvan-Yevlax"a qarşı keçirilən oyunda (0:3) vurduğu qol sosial şəbəkələrdə rekord marağa səbəb olub. Futbolçunun vurduğu baxımlı qolun videosu 30 milyondan çox baxış toplayıb.
"Neftçi"nin "Makkabi"dən (Netanya) transferini rəsmiləşdirməyə yaxın olduğu venesuelalı yarımmüdafiəçi Freddi Varqas artıq Azərbaycandadır.
Oxu.Az Fanat.Az-a istinadən xəbər verir ki, ötən mövsüm icarə əsasında formasını geyindiyi "ağ-qaralar"ın heyətində parlaq çıxışla yadda qalan legioner bu gecə Bakıya gəlib.
27 yaşlı oyunçunun 2+1 illik müqaviləyə imza atacağı gözlənilir.
Varqas Venesuela millisinin heyətində son olaraq bu ilin martında DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Ekvador yığması ilə matça çıxıb. Ölkəsinin "Deportivo Lara" klubunun yetirməsi olan Freddi daha öncə ABŞ-də də legioner həyatı yaşayıb. Geridə qalan mövsümdə "Neftçi"nin heyətində Misli Premyer Liqasında 31 matça çıxan orta xətt oyunçusu 5 qolla yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 900 min avro məbləğində dəyərləndirir.