Xalq artisti Tofiq Mirzəyev İsrailin Arad şəhərindəki qəbiristanlıqda dəfn olunub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində Xalq artistinin ailə üzvləri, İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi iştirak edib.
Xalq artisti Tofiq Mirzəyev bu gün İsrailin Arad şəhərindəki qəbiristanlıqda dəfn olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman sosial şəbəkə hesabında məlumat verib.
O qeyd edib ki, həmin qəbiristanlıqda onun anası Bela Moiseyeva, qardaşı Teymur və bacısı Leyla Mirzəyevalar da dəfn ediliblər.
"Tofiq Mirzəyev aktiv həyat tərzi sürürdü. Onun həyata keçirməyi arzuladığı, lakin hələ tamamlamadığı planları var idi. Ancaq tale başqa cür hökm verdi. İki ay əvvəl Tofiq Mirzəyev insult keçirmişdi. O, həmin vaxtdan sonra tam sağala bilməmişdi. İndi ondan yadigar oğlu Teymur qaldı", - deyə Y.Salman qeyd edib.
Əzizə İsmayılova
Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib.
O qeyd edib ki, Xalq artisti iki ay əvvəl insult səbəbi ilə sözügedən xəstəxanaya yerləşdirilib:
"Tofiq Mirzəyevin səhhəti bir müddət əvvəl yaxşılaşsa da, son günlər yenidən halı pisləşdi. Özü sağlığında dəfələrlə Bakıda dəfn olunmağı ilə bağlı arzularını dilə gətirsə də, bu gün İsrailin Arad şəhərindəki qəbiristanlıqda dəfn olunması planlaşdırılır".
Azərbaycanın Xalq artisti, aktyor, rejissor Tofiq Mirzəyev vəfat edib.
Oxu.Az xəbər verir ki, o, 94 yaşında İsraildə dünyasını dəyişib.
Aktyorun ölüm səbəbi hələlik məlum deyil.
Xatırladaq ki, T.Mirzəyev 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamları ilə "Xalq artisti" fəxri adına və "Şöhrət" ordeninə layiq görülüb.
Qeyd edək ki, Tofiq Mirzəyev "Uşaqlığın son gecəsi", "Nəsimi", "İstintaq", "Təhminə", "O qızı tapın" və digər ekran əsərlərində yaratdığı obrazlarla Azərbaycan tamaşaçısının yaddaşında silinməz izlər qoyub.