Üç böyük dövlətin – Rusiya, Türkiyə və İranın kəsişmə nöqtəsi var – bu, Qafqazdır Hazırda onların maraqları indi Azərbaycan adlı dövlətdə toqquşur. Bu fakt Azərbaycanı uzun əsrlər boyu bir-biri ilə mübarizə aparan üç böyük dövlətin döyüş meydanına çevirib.
APA-nın məlumatına görə, bu fikir “Stratfor” Fondunun rəhbəri Corc Fridmanın nüfuzlu “Forbes” jurnalında dərc olunan “Azərbaycan Amerika üçün niyə vacibdir” adlı məqaləsində öz əksini tapıb.
Corc Frdiman Azərbaycanın ən böyük enerji hasilatçılarından birinə çevrildiyini xatırladır:
“Azərbaycan bir vaxtlar imperiyanın mükafatı olub. Hazırda ölkə müstəqildir və çox təhlükəli yerdədir”.
Məqalə müəllifi hesab edir ki, Rusiyanın strategiyası Avropanın bu ölkədən enerji asılılığını dəstəkləmək və dərinləşdirməkdən ibarətdir:
“Bu strategiyanın ikinci mərhələsi Avropa ölkələri, o cümlədən Türkiyə üçün alternativləri məhdudlaşdırmaqdır. Neft və qaz kəmərləri ətrafında kompleks gərginliyin səbəbi odur ki, Rusiya onun nəzarətindən kənar enerji mənbələrinin Avropaya çıxışı olmasını istəmir”.
Məqalə müəllifi hesab edir ki, bu durumu nəzərə alınmaqla Azərbaycan üçün silaha çıxış lazımdır və ölkə bu silahın pulunu ödəməyə hazırdır:
“Bununla belə ABŞ bu ölkənin silaha çıxışını məhdudlaşdırır. Bunun iki səbəbi var. Onlardan biri ABŞ-da yaşayan güclü erməni icmasıdır. Azərbaycan lobbisi hələlik silah satışını əngəlləmək, səfir təyinatını cəncələ salmaq üçün Konqresə təsir göstərən erməni lobbisinin malik olduğu təsir imkanlarına sahib deyil. İkinci səbəb isə hüquq-müdafiə təşkilatlarının insan haqlarının vəziyyətinin qənaətbəxş olmadığını əsas gətirərək silah satışının əleyhinə çıxmasıdır”.
Məqalədə qeyd olunur ki, Azərbaycan neftinin Rusiya və ya İran ərazisindən ixracı Türkiyəyə təzyiqlərin artmasına və Rusiyanın periferiyası boyunca alternativ enerji mənbələrinin aradan qalxmasına gətirib çıxaracaq.
“Birləşmiş Ştatlar strateji tərəfdaşlarına münasibətdə düşünülmüş strategiya həyata keçirməlidir, proqnozlaşdırılmayan böhranlara qəfil hərbi cavablar verməməlidir. Müstəqil Azərbaycan Rusiya və İranın boğazında sümük, Türkiyə üçün isə enerji mənbəyidir. Həm Hitler, həm Stalin o zamanlar yaxşı anlayırdılar ki, Bakıya nəzarət bütün Avrasiya materikinə nəzarət deməkdir. O zamandan energetikanın reallıqları bir az dəyişib, lakin bu, Bakının son dərəcə mühüm statusunu azaldacaq dərəcədə dəyişməyib”.
www.apa.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin