Rusiya-Ukrayna müharibəsi daha bir payız-qış mövsümünə daxil olur. Cəbhədə havaların dəyişməsi ilə döyüşlərin xarakterinin də dəyişəcəyi istisna deyil. Çünki tarixən payızın yağışlı, qışın isə sərt hava şəraiti hücum əməliyyatlarını çətinləşdirib və irəliləyən tərəfin logistika imkanlarına ciddi çətinlik yaşadıb. Rusiya-Ukrayna müharibəsində də hava şəraitinin döyüşlərin tempinə təsiri dəfələrlə müşahidə olunub.
Napoleonun Rusiyaya yürüşü və Hitlerin SSRİ-yə "Barbarossa" planı üzrə hücumu kimi nümunələrdə qışın hücum edən tərəf üçün yaratdığı problemləri xatırlaya bilərik. Lakin bu dəfə məsələ yalnız hava şəraitinin hərbi əməliyyatlara təsiri ilə məhdudlaşmır. Çünki müasir müharibədə dronların, modern silahların və kəşfiyyat vasitələrinin ehtiyac duyduğu yüksək şəffaflıq da klassik mövsümi üstünlüklərin əvvəlki qədər həlledici olmadığını göstərir. Bu gün cəbhədə daha çox kiçik piyada qruplarının sızmaları, pilotsuz uçuş aparatları, uzaqmənzilli zərbələr və artilleriya-kəşfiyyat inteqrasiyası ön plana çıxır.
Bu səbəbdən əsas sual budur ki, payız və qış aylarında hansı tərəf öz resurslarını daha səmərəli qoruyacaq, qarşı tərəfin logistikasını və enerji sistemini daha çox zəiflədəcək və cəbhədə təşəbbüsü əlində saxlaya biləcək?
Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib ki, müharibənin qışa qədər bitmə ehtimalı var:

"Çünki Rusiya beşillik müharibə istəmir. Ona görə də çalışacaq ki, ilin sonuna qədər bu prosesi yekunlaşdırsın".
"Ukrayna ərazisinə görə Avropanın ən böyük dövləti idi və onun çökdürülməsində Rusiyanın, ABŞ-nin və Avropanın maraqları üst-üstə düşdü. Onlar bilirdilər ki, Rusiya mövcud vəziyyətlə razılaşmayacaq, ona görə də Moskvanı qızışdırdılar. Rusiya isə siyasəti öncədən asanlıqla proqnozlaşdırılan dövlətlərdən deyil, həddən artıq mürəkkəb bir sistemə malikdir. Üstəlik, Rusiya öz maraqları naminə hər şeyi və hər kəsi qurban verməyə hazırdır. Ona görə də müharibə tezliklə başa çata bilər. Moskva istədiyini artıq əldə edib. Ukraynadakı siyasi maraqları təmin olunub, yeni silahlarını sınaqdan keçirməklə hərbi məqsədlərinə də çatıb. Deməli, Rusiya-Ukrayna cəbhəsində bizi böyük bir sürpriz gözləmir", - politoloq vurğulayıb.
Onun sözlərinə görə, bu proses daha çox Amerika Birləşmiş Ştatlarının maraqlarına uyğundur:
"Əks halda, müharibənin uzanması Trampın əleyhinə işləyəcək. Çünki ABŞ prezidenti noyabrda Konqresə keçiriləcək seçkidə uduzsa, siyasi təsiri azalacaq. Bu da nə ABŞ-yə, nə də Trampın özünə sərf edir".
Hərbi ekspert Elxan Şıxəliyev isə Oxu.Az-a bildirib ki, hazırkı vəziyyətə baxıldıqda, müharibə arealında 2026-cı ilin payız-qış kampaniyası əvvəlkindən bir qədər fərqli ola bilər:

"Belə ki, avqustun ortaları üçün məlumatlarda Rusiya bəzi istiqamətlərdə hücumları davam etdirsə də, bir sıra sahələrdə təsdiqlənmiş irəliləyişlər əldə edə bilmir. Eyni zamanda, Ukrayna Aleksandrovka istiqamətində əks-hücum əməliyyatları apararaq 26 yaşayış məntəqəsini geri aldığını bildirmişdi. Bu səbəbdən, məncə, əsas dəyişiklik mövsümi quru müharibəsindən davamlı və uzaqmənzilli müharibəyə keçid olacaq qarşıdakı payız-qış mövsümündə. Əvvəllər payızın yağışları və bataqlıqlar tankların, artilleriyanın və təminat kolonlarının hərəkətini ciddi şəkildə məhdudlaşdırırdısa, indi artıq FPV dronlar müharibəsi səbəbindən - kiçik FPV dronlar, fiber-optik dronlar, kəşfiyyat PUA-ları və uzaqmənzilli zərbələr nəticəsində yerdə böyük qüvvələri hərəkət etdirmək, onsuz da, son dərəcə təhlükəli olduğu üçün artıq bu mərhələyə keçiləcək. Hər iki tərəf məsafədən zərbələr endirmə müharibəsini daha optimal hesab etmiş olacaq".
"Düşünürəm ki, qarşımızdakı payızda böyük zirehli kolonlarla klassik hücumlar daha az həyata keçiriləcək. Kiçik piyada qruplarının cəhdləri, xüsusən də xüsusi təyinatlı kəşfiyyat və reyd qruplarının cəhdləri sahədə artırıla bilər. Logistika və rabitə qovşaqları əsas hədəfə çevriləcək. Əsas zərbələr enerji infrastrukturlarına məsafədən uzaqmənzilli FPV dronlar və raketlər tərəfindən endiriləcək, hər iki tərəf enerji infrastrukturunu hədəfə alacaq", - ekspert vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın məqsədi payız və qış mövsümündə də Donetskdə Ukrayna müdafiəsini tədricən aşındırmaq və Donetsk ərazisini tamamilə nəzarətə götürərək ilhaq etmək kimi cəhdlərdən ibarət olacaq:
"Xüsusən də Pokrovsk-Konstantinovka xəttində logistikanı pozmaq istəyəcək, Ukraynanın canlı qüvvə və ehtiyatlarını cəbhənin müxtəlif hissələrinə bölməyə çalışacaq. Təbii ki, qışda Rusiyanın əsas məqsədi Ukraynanın enerji sisteminə zərbələri artırmaq və Ukraynanın hava hücumundan müdafiə raket ehtiyatlarını tükəndirmək olacaq. Nəticə etibarilə, 2027-ci ildə Ukraynanı danışıqlarda daha zəif mövqeyə gətirmək üçün sahədə bu addımları atacaq. Ukrayna isə əksinə, əgər dron üstünlüyünü, dəqiq artilleriyanı, elektron mübarizəni və lokal mexanikləşdirilmiş hücum kombinasiyasını qoruyub-saxlaya bilsə, Rusiya qüvvələrinin genişmiqyaslı yarma əməliyyatı keçirməsi sahədə çox çətin olacaq. Tərəflərdən hansı ciddi üstünlük əldə edərsə, 2027-ci ilin siyasi-diplomatik mənzərəsi də köklü şəkildə bu yöndə dəyişəcək".