Azərbaycanda "məhkəmə aidiyyəti" və "ərazi aidiyyəti" arasındakı sərhəd konkretləşdirilir, hər iki aidiyyət növü üzrə mübahisələrə məhkəmələrdə baxılması, şikayət, apellyasiya, kassasiya şikayətlərinin verilməsi qaydaları ətraflı əks olunur.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Təqdim olunan qanun layihəsində təklif edilən dəyişikliklərin böyük bir qismi Mülki Prosessual Məcəllədə və İnzibati Prosessual Məcəllədə aidiyyət institutu ilə bağlıdır. Belə ki, aidiyyət dedikdə həm məhkəmə aidiyyəti, həm də ərazi aidiyyəti nəzərdə tutulur. Hazırda qüvvədə olan Mülki Prosessual Məcəllənin və İnzibati Prosessual Məcəllənin bir çox maddələrində "məhkəmə aidiyyəti" və "ərazi aidiyyəti" fərqləndirilmədən ümumi ifadə ilə "aidiyyət" kimi yazılmaqla aidiyyətin hansı növündən söhbət getdiyi anlaşılmazlıq yaradır və məhkəmə praktikasında problemlərə yol açır.
Təklif olunan qanun layihəsində isə "məhkəmə aidiyyəti" və "ərazi aidiyyəti" arasındakı sərhəd konkretləşdirilmiş, üstəlik hər iki aidiyyət növü üzrə mübahisələrə məhkəmələrdə baxılması, şikayət, apellyasiya, kassasiya şikayətlərinin verilməsi qaydaları ətraflı əks olunaraq sistemli şəkildə tənzimlənib. Xüsusilə diqqətçəkən məqamlardan biri ərazi aidiyyəti üzrə məhkəmələrin səlahiyyətlərinin müəyyən qədər məhdudlaşdırılması, ərazi aidiyyətinin pozulması səbəbindən birinci və apelyasiya məhkəməsinin qərarının ləğvinin qadağan edilməsidir. Bu da öz növbəsində məhkəmə qərarlarının sabitliyinə, məhkəmə işlərinin lüzumsuz yerə uzanmamasına rəvac verir.