"Dövlətlərin siyasi qüdrəti əldə etdikləri üstünlüyü uzunömürlü və işlək münasibətlər sisteminə çevirmək bacarığı ilə ölçülür. Bişkekdə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılan müzakirələr Azərbaycanın məhz belə bir dövlətçilik mərhələsinə rəhbərlik etdiyini göstərir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov bildirib.
O qeyd edib ki, Vətən müharibəsində formalaşmış yeni reallıq artıq diplomatik sənədlərdə, sərhədlərin hüquqi müəyyənləşdirilməsində, nəqliyyat layihələrində və iqtisadi əməkdaşlığın ilkin nəticələrində öz ifadəsini tapır:

"Bu ardıcıllığın mərkəzində Prezident İlham Əliyevin hadisələri yalnız cari siyasi şərait baxımından qiymətləndirməyən, qarşıdakı onilliklərin təhlükəsizlik və inkişaf modelini əvvəlcədən quran strateji təfəkkürü dayanır.
Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin və sülh sazişi mətninin paraflanmasının Bişkek görüşündə yenidən əsas istinad nöqtəsi kimi vurğulanması Azərbaycanın irəli sürdüyü prinsiplərin tərəflər üçün ümumi siyasi çərçivəyə çevrildiyini təsdiqləyir. Prezident İlham Əliyevin xətti müharibədən sonrakı vəziyyəti qeyri-müəyyən danışıqlar mühitində saxlamağa imkan vermədi. Ərazi bütövlüyünün tam bərpasından sonra Bakı prosesin hüquqi məzmununu, məqsədini və hərəkət istiqamətini aydın şəkildə müəyyənləşdirdi. Bununla Azərbaycan həm öz tarixi haqqını təmin etdi, həm də Ermənistan qarşısında qarşıdurma vərdişlərindən uzaqlaşaraq normal qonşuluğa keçmək üçün rasional seçim yaratdı".
R.Muradov əlavə edib ki, neft məhsullarının Ermənistana göndərilməsi, xarici mənşəli taxılın Azərbaycan üzərindən daşınması və birbaşa ticarət imkanlarının nəzərdən keçirilməsi sülh siyasətinin praktik gücünü nümayiş etdirir. Rəsmi Bakının üstünlüyü ondan ibarətdir ki, ölkəmizin enerji, logistika və coğrafi imkanları siyasi sabitliyi təşviq edən vahid təsir mexanizmində birləşdirilir. Beləliklə, Azərbaycanla əməkdaşlıq region dövlətləri üçün iqtisadi fayda mənbəyinə çevrilir, münasibətlərin yenidən gərginləşdirilməsi isə getdikcə daha böyük itkilər yaradan ssenari kimi görünür. Sülh bu modeldə mücərrəd çağırış səviyyəsini aşaraq hesablanan gəlirlərə, yeni bazarlara və təhlükəsiz daşımaya söykənən real maraq qazanır:
"Delimitasiya komissiyalarının işi dövlətlərarası münasibətlərin hüquqi sərhədlərini möhkəmləndirir, TRIPP üzrə nəzərdə tutulan addımlar isə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqənin daha geniş Avrasiya bağlantılarının tərkib hissəsinə çevrilməsinə şərait yaradır. Parlament və ictimaiyyət nümayəndələrinin təmasları bu prosesin sosial qəbul imkanlarını artırır. Bütün bunlar Prezident İlham Əliyevin Qələbəni emosional ritorikada saxlamadan hüquqa, təhlükəsizliyə, kommunikasiya xətlərinə və iqtisadi tərəqqiyə çevirdiyini göstərir. Azərbaycanın gücü artıq yalnız torpaqlarını azad etmiş qalib dövlət statusunda ifadə olunmur. Bu güc regionun sabahını planlaşdıran, sülhün şərtlərini aydınlaşdıran və həmin sülhü maddi məzmunla təmin edən müdrik siyasi liderlikdə təcəssüm olunur".