Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qərbi Azərbaycan Xronikası: Alçalı Təpə, Amağu, Amasiya - Türk tarixinin izi
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Moskva və Qars müqavilələri ilə Ermənistana verilən rayon" adlı süjet hazırlanıb.
Bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Alçalı Təpə oronimi, Amağu və Amasiya toponimi haqqında söz açılıb.
Bildirilib ki, tarix boyu "Böyük Ermənistan" xülyası ilə yaşayan haylar zaman-zaman havadarlarının hesabına oğuz türklərini qədim yurdlarından sıxışdırıb çıxarıb, adları saxtalaşdırıblar.
Alçalı Təpə - Göyçə mahalının Qaranlıq, sonralar Martuni adlandırılan rayonunda təpə adıdır. Rayondakı Alçalı kəndində yerləşir.
Amağu - Dərələyəz mahalının Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayonunda kənd adıdır. Adı X əsrdən çəkilir və monqollar tərəfindən xarabalığa çevrildikdən sonra kənd XIV-XV əsrlərdə yenidən bərpa edilib. Kənddə 1831-ci ildən yaşayan azərbaycanlılar 1918-1919-cu illərdə erməni təcavüzünə məruz qalaraq deportasiya olunub. 1920-ci ildə sakinlərin bir hissəsi ata-baba yurdlarına dönsələr də, 1988-ci ilin noyabr ayında onlar yenidən tarixi-etnik torpaqlarından çıxarılıblar.
Amasiya - Ağbaba mahalında rayon adıdır. 1930-cu il oktyabrın 9-da rayon kimi təşkil edilib, Türkiyə və Gürcüstan ilə sərhəddə yerləşir. 1921-cı ildə imzalanmış Moskva və Qars müqavilələrinə əsasən rayonun ərazisi indiki Ermənistana verilib. Amasiyada 1831-ci ildən başlayaraq əhalinin 95%-ni azərbaycanlılar təşkil etsə də, onlar 1988-ci ilin noyabr-dekabrında tamamilə qovulublar.
Sonda vurğulanıb ki, Qərbi Azərbaycana məxsus bu toponimlərin də adının dəyişdirilməsi, xarabalığa çevrilməsi erməni xislətinin bariz nümunəsidir: "Təbii ki, qədim yaşayış məskənlərimizin adlarının müxtəlif tarixi mənbələrdə yaşaması bu gün qaranlıq səhifələrin üzə çıxması və erməni yalanlarının ifşası baxımından çox əhəmiyyətlidir".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:

"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Avropada ermənilərə casus kimi baxılırdı"
- Qərbi Azərbaycan Xronikası: "Qorbaçova arxalanan ermənilər azərbaycanlıları sıxışdırıblar"
- Qərbi Azərbaycan Xronikası: "Yapon" ləqəbli daşnakın Zeytə qətliamı
- Qərbi Azərbaycan Xronikası: "Biz üç nəsildir dədə-baba torpaqlarımızdan uzaq qalmışıq"
- Qərbi Azərbaycan Xronikası: "Hotellərdə müsəlmanlar üçün ibadət otaqlarının açılması zəruridir"