Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Anam İrəvan xanı Əhməd xanın nəslindən idi" adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Babacan kənd sakini Loğman Əjdərovun həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq, orta məktəb illərindən, üçüncü sinifdə qarmon ifa etməsindən söz açıb:
"Musiqiyə çox həvəsim olub. Dördüncü-beşinci sinifdə oxuyanda məclislərə getmişik. Qonşu kəndlərdə əsgər yola salmışıq, qızlara nişan qoymuşuq, kiçik xına toyları etmişik. Ardanış kəndindən Mədəniyyət Evinin müdiri Əli müəllim, musiqiçilər Əbülfət, Vaqif müəllim var idi, onlarla birgə Göyçədə böyük toylar etmişik".
Onun sözlərinə görə, "Şımpır dərəsi" Babacanın birinci məskəni olub, camaat ilk əvvəl orada yaşayıb:
"Arıqlı meşəsi"ndə cürbəcür ağaclar var idi. Bağçılıq, iydə meşəsi var idi. Uşaqlarla iydə yığmağa gedirdik. Qonşu kəndlərdən gələn uşaqlarla yarışlar keçirirdik. Çox tələbkar müəllimlərimiz var idi. Onlar bizə ilboyu tapşırıqlar verirdilər. Biz yay fəslini oxumaqla məşğul olardıq. Orada oxumaq, irəli getmək, savadlı olmaq üçün ermənilərlə mübarizədə idik".
Ailədə 10 uşaq olduqlarını deyən L.Əjdərov atasının müharibə veteranı, anasının isə İrəvan xanı Əhməd xanın nəslindən olduğunu deyib:
"İrəvan xanı Əhməd xan 1806-1807-ci illərdə İrəvanda xan olub. İrəvana ruslar, ermənilər ayaq açandan sonra o nəsilləri, qabaqcıl nəsilləri oradan didərgin saldılar. Həmin nəsillərdən biri də anamın atası tərəfinin nəsli olub. Onlar da gəlib bizim kənddə məskunlaşmışdılar və anam həmin nəslin qızı idi".
Babacan sakini erməni vəhşiliyindən, alban qəbiristanlıqlarını öz adlarına çıxmasından, Göyçənin tarixinin hələ tam yazılmamasından danışıb:
"Babalarım aşıq olublar. O vaxtlar aşıqlar bizə çox gələrdi. Həmişə Aşıq Ələsgərin şagirdi Aşıq Nəcəfdən danışardılar. Aşıq Nəcəfi ermənilər kürəyinə qaynar samovar bağlayıb öldürüblər. Ermənilər çox vəhşiliklər edib, qansız olublar. Məqsədləri əhalini didərgin salmaq olub. Rayona gedənləri döyür, incidir, söyürdülər. Nəhayət, 1988-ci ilin son aylarında vəziyyət daha da pisləşdi və hamı kimi, bizim də ailə Gədəbəyə, oradan da İsmayıllı rayonuna gəldi".
O, sonda Vətən həsrətindən söz açıb:
"İnsan böyüdüyü torpağın bir hissəsidir. Doğulduğu torpaq insanın anasıdır. İnsan anasına qovuşmalıdır. Ona görə mütləq Göyçəyə qayıtmalıyıq".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:
Qərbi Azərbaycan Xronikası: "Ermənilər Aşıq Nəcəfin kürəyinə qaynar samovar bağlayıb öldürüblər"