Bu gün Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXV baş məclisi qurultayı öz işinə başlayıb.
Oxu.Az-ın verdiyi xəbərə görə, qurultayda 286 nümayəndə, millət vəkilləri, Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev və digər şəxslər iştirak edir.
Qurultayda çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov bildirib ki, cəmiyyətin hazırda 370 000 üzvü, 25 000 könüllüsü var.
O, qeyd edib ki, AzQAC ən böyük sosial bazaya malik olan qeyri-hökumət təşkilatıdır:
“Bu təşkilat humanitar diplomatiya üsulu vasitəsilə beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq edir. Eyni zamanda bu qurum öz hökumətinə, dövlətinə humanitar məsələlərin həllində yardımçı olur”.
N. Aslanov qarşıdan gələn prezident seçkilərinə də toxunub.
O, "qızıl ayparaçılar"ı prezident seçkilərində fəal iştirak etməyə və ölkənin gələcəyi naminə layiqli namizədə səs verməyə dəvət edib.
N. Aslanov həmçinin bildirib ki, AzQAC yeganə təşkilatlardandır ki, öz beynəlxalq tərəfdaşlarına da yardım edir.