Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
Oxu.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiq edilib.
Referendumla bağlı bildirişlərin hazırlanması ilə bağlı tələblər avqustun 17-dək təsdiqlənəcək.
Səsvermədə exit-poll keçirmək istəyən təşkilatlar sənədlərini sentyabrın 6-dək MSK-ya təqdim edə bilərlər. Avqustun 16-dək isə bununla bağlı qərar veriləcək. Səsvermə günü seçici fəallığı ilə bağlı gün ərzində 5 dəfə məlumat veriləcək.
İclasda referendumda vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində 9 nəfərdən ibarət ekspert qrupu və işçi qrupu yaradılıb. Ekspert qrupları dairə seçki komissiyalarına daxil olmuş şikayətlərin araşdırılması ilə məşğul olacaqlar.
Referendumun yekun nəticələri oktyabrın 21-dək açıqlanacaq.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-da keçiriləcək.