Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza səfəri regionda yeni geosiyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Səfər çərçivəsində Azərbaycanla Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Vaşinqtonun bölgəyə artan marağının və fəallaşan rolunun göstəricisidir. Bütün bunlar isə həm də Cənubi Qafqazın tədricən Rusiyanın təsir dairəsindən uzaqlaşması kimi əsaslandırılır.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında Azərbaycanın müstəqil siyasət kursunu vurğulayıb, Ermənistanın isə xarici siyasətində mövcud ziddiyyətlərə diqqət çəkib:

"Azərbaycan, onsuz da, müstəqil siyasət həyata keçirir. Ölkə ərazisində nə rus qoşunları var, nə sərhədlərimizi Rusiya qoruyur, nə də iqtisadi baxımdan kritik əhəmiyyət daşıyan sahələrdə Rusiyanın həlledici təsiri mövcuddur. Ermənistanda isə vəziyyət fərqlidir. Bu ölkənin rəhbərliyi uzun müddətdir müxtəlif mərkəzlərə eyni anda "hə" deyir və problemlər də məhz buradan qaynaqlanır. Məsələn, 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinə əsasən, Bakı və İrəvan Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) yaradılması üçün əməkdaşlıq etməlidir və bu prosesdə Ermənistan ABŞ ilə birgə fəaliyyət göstərəcək. Lakin həmin bölgə 1992-ci ildən rus sərhədçilərinin nəzarətindədir. Ermənistanın dəmiryol şəbəkəsi isə Rusiya Dəmir Yolları tərəfindən idarə olunur. Faktiki və hüquqi baxımdan bir sıra strateji sahələrdə idarəetmə Ermənistanın öz əlində deyil".
* Paşinyan Azərbaycanla sülh sazişini parlament seçkisindən qabaq imzalamaq niyyətindədir
"Bu gün Ermənistan ABŞ ilə yaxınlaşmadan danışır, lakin rusiyalı sərhədçilərin sözügedən ərazidən çıxarılması və ya dəmiryol şəbəkəsinin tam şəkildə Ermənistanın nəzarətinə qaytarılması ilə bağlı konkret bəyanatlar səsləndirilmir. Bu məsələlərin necə həll olunacağı əsas sualdır. Vitse-prezident Ceyms Devid Vensin səfərinin məqsədlərindən biri də məhz bu məqamlara aydınlıq gətirməkdir. Ermənistan Rusiya ilə münasibətlərini hansı formatda davam etdirəcək? Çünki ölkənin xarici siyasətində ciddi ziddiyyətlər müşahidə olunur.
Bir tərəfdən, Avropa İttifaqına üzv olmaq istədiklərini bəyan edirlər, digər tərəfdən, MDB məkanında iqtisadi və gömrük mexanizmlərinin iştirakçısı olaraq qalırlar. Ermənistanda Rusiya hərbi mövcudluğu davam edir, eyni zamanda, ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası imzalanır. Bu baxımdan, "iki stulda oturmaq" dövrü artıq bitməlidir. Ona görə də Ermənistan rəhbərliyinin Moskvaya gedib başqa bir fikir bildirməyəcəyindən əmin deyiləm", - deyə sabiq nazir əlavə edib.
Keçmiş diplomatın sözlərinə görə, Ermənistanın ABŞ ilə əməkdaşlığı genişləndirməsi onun müstəqil və ardıcıl siyasi strategiyasından çox, Rusiyanın zəifləməsi fonunda yaranmış boşluqla bağlıdır:
"Bu boşluğu doldurmaq üçün ABŞ və Aİ daha konkret addımlar atırlar. Azərbaycan isə bu proseslərdə öz milli maraqlarına əsaslanan, müstəqil seçim edir. Ermənistan isə axının istiqamətinə uyğun hərəkət edir".
"Bu gün texnoloji baxımdan Rusiya dünya mərkəzi deyil. ABŞ, Avropa İttifaqı və Çinin insan resursu, təbii ehtiyatlar potensialı mərkəz olmaları üçün əsas verir. Rusiyanın regiona qayıtması isə kiçik faktor kimi bu tərəflərdən birinə qoşulmaqla reallaşa bilər", - müsahibimiz fikrini yekunlaşdırıb.
Mərahim Nəsib