İraqda İrana bağlı silahlı qrupların tərksilah olunması prosesinin başlaması fonunda "Hizbullah ən-Nücəba" qruplaşması silahlarının İraq hökumətinə qarşı yönəlmədiyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Qruplaşma nümayəndələrinin sözlərinə görə, onların silahları ABŞ qüvvələrinin İraqdan çıxarılması ilə bağlı danışıqlarda dəstəkləyici amil və mühüm vasitə hesab olunur.
Silahlı qrupdan bildirilib ki, İraq ABŞ-nin hərbi mövcudluğundan tamamilə azad edilənədək silahlarını heç kimə təhvil verməyəcəklər.
Lakin məsələnin digər tərəfi daha geniş regional kontekstdə qiymətləndirilir. "Hizbullah ən-Nücəba" vaxtilə Suriyada, hazırda isə İraqda fəaliyyət göstərən şiə silahlı qruplaşmasıdır. Bu baxımdan, bəzi ekspertlər İranın İraqın təhlükəsizlik siyasətinə təsir göstərdiyini vurğulayırlar.
Diqqət çəkən məqamlardan biri də odur ki, Livanda fəaliyyət göstərən "Hizbullah" da silahlarını dövlətə təhvil verməkdən imtina edir. İranın Fələstin, Qəzza zolağı, Livan və Yəməndə də təsir göstərdiyi müxtəlif silahlı qrupların olduğu qeyd edilir.
Bu kontekstdə HƏMAS, "Hizbullah" və husilərdən sonra İraqdakı İrana bağlı silahlı qruplarla bağlı vəziyyətin də regionda yeni gərginlik ocaqlarına səbəb ola biləcəyi vurğulanır.