"Azərbaycan AQEM-ə sədrliyi çərçivəsində müşavirəni tamhüquqlu beynəlxalq təşkilata çevirmək vəzifəsini həyata keçirir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında bəyan edib.
"2022-ci ildə Astanada keçirilən AQEM-in altıncı sammitində iştirakçı dövlətlər müşavirənin tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi barədə razılığa gəliblər. Bu gün Azərbaycan öz sədrliyi çərçivəsində bu vəzifəni böyük ləyaqətlə həyata keçirir. Biz bizim üçün yol göstərən sənəd olacaq AQEM Nizamnaməsinin qəbul edilməsinə ümid edirik", - o bildirib.
K.Tokayev qeyd edib ki, 117 milyondan çox insan məcburi köçkün vəziyyətində qalır, 266 milyon insan isə ərzaq təhlükəsizliyinin təmin olunmaması problemi ilə üzləşir.
Onun sözlərinə görə, bu tendensiyalar qlobal sabitlik və təhlükəsizliyin təmin olunmasına yönəlmiş, uzun illər ərzində birgə siyasi səylərlə əldə edilmiş nəticələri sarsıdıb:
"Şübhəsiz ki, Asiyanın daha güclü institutlara ehtiyacı var. Xoşniyyətli bəyanatlar dövrü başa çatmaq üzrədir".