Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycan regionda yeni geosiyasi və iqtisadi reallıqların formalaşmasında iştirakını davam etdirir. Bir zamanlar işğal və münaqişə səbəbindən bağlı qalan kommunikasiya xətlərinin açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının yaradılması artıq konkret layihələr müstəvisində müzakirə olunur. Bu istiqamətdə növbəti mühüm addım Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsi ilə bağlı atılıb.
ABŞ, Azərbaycan və Ermənistan hökumətləri layihənin icrasını sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. İlkin mərhələdə nəqliyyat və elektrik enerjisinin ötürülməsi istiqamətləri üzrə iki texniki planlaşdırma qrupunun yaradılması razılaşdırılıb. Bildirilib ki, bu qruplar mürəkkəb texniki məsələlərin həllinə, layihənin icrasının növbəti mərhələlərinə keçidə və marşrutun digər regional infrastruktur şəbəkələri ilə əlaqələndirilməsinə xidmət edəcək. Tərəflər TRIPP layihəsinin bütün komponentlərinin mümkün qədər qısa müddətdə həyata keçirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.
Bu proses Azərbaycanın regional mövqeyinə və Cənubi Qafqazda formalaşan yeni əməkdaşlıq perspektivlərinə hansı imkanları yaradır?
Mövzu ilə bağlı Oxu.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm Həsənova hesab edir ki, TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətə başlaması Vaşinqtonda əldə edilmiş siyasi razılaşmaların artıq icra mərhələsinə keçdiyindən xəbər verir:

"Burada önəmli məsələ odur ki, proses sadəcə siyasi bəyanatlarla və yaxud diplomatik təmaslarla məhdudlaşmır. Artıq konkret layihələrin həyata keçirilməsi, enerji infrastrukturu, texniki parametrlər və icra mexanizmləri üzərində iş aparılır. Nəqliyyat və elektrik enerjisinin ötürülməsi üzrə iki texniki qrupun yaradılması Azərbaycanla Ermənistan arasında sadəcə kommunikasiyaların bərpasına töhfə verməyəcək. Bu məsələ daha geniş regional kontekstdə qiymətləndirilməlidir. Söhbət bütövlükdə regionun infrastruktur şəbəkələrinin bir-biri ilə inteqrasiyasından gedir".
"TRIPP layihəsi Azərbaycanın həm regional, həm də beynəlxalq nəqliyyat-logistika sistemində mövqelərinin möhkəmlənməsinə gətirib çıxara bilər. Şübhəsiz ki, bizim üçün əsas məsələlərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında etibarlı və maneəsiz bağlantının təmin edilməsidir. Lakin bunu yalnız ərazi bütövlüyü kontekstində dəyərləndirmək də düzgün olmazdı. Bu, bütövlükdə ölkənin nəqliyyat-kommunikasiya sisteminin inteqrasiyası, vahid nəqliyyat məkanının formalaşdırılması və genişləndirilməsi, həmçinin daha böyük mənada Orta Dəhlizin inkişafı baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir", - müsahibimiz deyib.
Onun sözlərinə görə, digər mühüm məqam ondan ibarətdir ki, TRIPP-dən danışarkən onu sadəcə Zəngəzur istiqamətində bir nəqliyyat xətti kimi qiymətləndirmək olmaz:
"Bu layihə Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Avropa arasında formalaşan daha geniş iqtisadi və geosiyasi əlaqələrin mühüm komponenti qismində çıxış edir. Yəni söhbət Azərbaycanın tranzit ölkə kimi mövqeyinin möhkəmlənməsi ilə yanaşı, regional bağlantıların formalaşmasında əsas söz sahibi olan geosiyasi və geoiqtisadi aktor kimi rolunun gücləndirilməsindən gedir. Ermənistanın regional iqtisadi inteqrasiyası da bu gün son dərəcə vacib məsələlərdən biridir. Bu baxımdan, Ermənistanın xarici siyasət prioritetlərində müəyyən dəyişikliklər müşahidə edirik. Ermənistan uzun müddətdir ki, regionun nəqliyyat və kommunikasiya imkanlarından kənarda qalıb. Bu isə şübhəsiz ki, ölkə üçün həm iqtisadi, həm də siyasi məhdudiyyətlər yaradıb. TRIPP layihəsinin reallaşması Ermənistana Azərbaycan və Türkiyə istiqamətində kommunikasiyaların açılması, regional ticarət əlaqələrinə qoşulmaq və yeni tranzit imkanları baxımından perspektivlər vəd edir. Başqa sözlə, regional iqtisadi inteqrasiya Ermənistanın iqtisadi inkişafı üçün də mühüm imkanlar yarada bilər".
Həmsöhbətimizin fikrincə, burada bir mühüm məqam var: "Ermənistan ərazisindən keçəcək kommunikasiyaların fəaliyyət mexanizmi dövlət suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyaya hörmət prinsipləri ilə maneəsiz tranzit tələbləri arasında uzlaşdırılmalıdır. Azərbaycanın mövqeyi də məhz bundan ibarətdir. 8 avqust 2025-ci il Vaşinqton Bəyannaməsində də bu prinsiplər öz təsdiqini tapıb. Deməli, qarşıdakı texniki danışıqların ən həssas istiqamətlərindən biri sərhəd-keçid, gömrük, təhlükəsizlik və idarəetmə mexanizmlərinin müəyyənləşdirilməsi olacaq. ABŞ-nin regionda strateji və iqtisadi iştirakının genişləndirilməsi də diqqət yetirilməli digər mühüm məsələdir. TRIPP layihəsinin ABŞ üçün əhəmiyyətini yalnız Ermənistan-Azərbaycan münasibətləri kontekstində dəyərləndirmək düzgün olmazdı. Bu layihə vasitəsilə ABŞ Xəzər hövzəsi, Mərkəzi Asiya və Avropa istiqamətində yeni iqtisadi bağlantıların formalaşmasında iştirak imkanlarını genişləndirir. Xüsusilə diqqət çəkən məqam Ermənistanla ABŞ arasında "TRIPP Development Company"-nin yaradılmasını nəzərdə tutan çərçivə sazişidir. İlkin 49 il ərzində ABŞ tərəfinin payı 74 faiz, Ermənistanın payı isə 26 faiz müəyyənləşdirilib. Ermənistan parlamenti sazişi oktyabrın 27-də ratifikasiya edib. Bununla belə, şirkətin nizamnaməsi və səhmdarlar sazişi kimi bəzi icra sənədlərinin tamamlanması qarşıda duran məsələlərdəndir. Regional güclərin maraqlarının uzlaşdırılması da son dərəcə önəmlidir. Çünki TRIPP-in reallaşması Cənubi Qafqazın geosiyasi və nəqliyyat konfiqurasiyasına ciddi təsir göstərə bilər. Rusiya regiondakı ənənəvi nəqliyyat və təhlükəsizlik mövqelərini qoruyub saxlamağa çalışır. İran isə sərhədlərin və regional bağlantıların geosiyasi nəticələri baxımından həssaslıq nümayiş etdirir. Türkiyə üçün isə Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya çıxış imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Ona görə də TRIPP-i sadəcə üç ölkə arasında həyata keçirilən layihə kimi qiymətləndirmək düzgün olmazdı. Bu, eyni zamanda, müxtəlif regional və beynəlxalq aktorların maraqlarının kəsişdiyi bir layihədir".
Analitikin qənaətinə görə, kommunikasiyaların açılması ilə davamlı sülhün təmin edilməsi məsələsini bir-birindən fərqləndirmək lazımdır:
"Nəqliyyat əlaqələrinin bərpası qarşılıqlı iqtisadi asılılığı artıraraq sülh üçün əlavə stimullar yarada bilər. Lakin iqtisadi inteqrasiyanın özü avtomatik olaraq siyasi etimadın formalaşması anlamına gəlmir. Sülhün davamlı olması üçün sülh sazişinin imzalanması və ratifikasiyası, sərhədlərin delimitasiyası və demarkasiyası, suverenliyə qarşılıqlı hörmət, həmçinin cəmiyyətlər səviyyəsində münasibətlərin normallaşdırılması son dərəcə mühüm əhəmiyyət kəsb edir. Yəni siyasi sənədlərlə yanaşı, ideoloji transformasiyaya və revanşist yanaşmalardan uzaqlaşmağa da xüsusi diqqət yetirilməlidir. Beləliklə, TRIPP iqtisadi əməkdaşlıq layihəsindən daha geniş məna və əhəmiyyət kəsb edir. Onun gələcək taleyi tərəflərin üzərinə götürdükləri siyasi öhdəliklərdən və bu öhdəliklərin nə dərəcədə ardıcıl həyata keçirilməsindən asılı olacaq".
"Hazırda Cənubi Qafqazda rəqabətin yalnız hərbi-siyasi müstəvidə deyil, həm də iqtisadiyyat, nəqliyyat və kommunikasiya xətləri üzərindən davam etdiyinin şahidi oluruq. Bu proses region ölkələri üçün əlavə imkanlar yaratdığı qədər, yeni geosiyasi çağırışları da özü ilə gətirir. Azərbaycan üçün əsas strateji hədəf yaranan yeni regional reallıqlar şəraitində milli maraqlarını daha möhkəm əsaslarla qoruyub saxlamaq, eyni zamanda ölkənin geoiqtisadi və tranzit əhəmiyyətini daha da artırmaqdır", - deyə siyasi şərhçi fikrini yekunlaşdırıb.