Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türk Dövlətləri Təşkilatı: Alternativ gücün formalaşması üçün şifrələr – TƏHLİL
İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (qısa: Türk Şurası) dövlət başçılarının sammiti yeni dünya nizamının formalaşması fonunda diqqət çəkir.
Bu yazıda Türk Şurasının tarixi, keçdiyi yol, ilkin zamanlarda kəmiyyət göstəriciləri ilə yadda qalan fəaliyyətlərindən keyfiyyətə keçid etmək üçün cəhdlərin xarakteristikası barədə qeydlər verməyəcəyik.
Son zamanlar Mərkəzi Asiya sərhədlərində cərəyan edən proseslər bəzi coğrafi bilgilərə siyasi məzmun qataraq onları yenidən nəzərdən keçirmək zərurəti yaradır.
Türk Şurasına üzv ölkələrdən üçü Mərkəzi Asiya regionunun payına düşür: Özbəkistan, Qırğızıstan və Qazaxıstan. İstanbuldakı zirvə görüşündə Türkmənistan təşkilata müşahidəçi qismində qatıldı.
Bu ölkələrdən Özbəkistan və Türkmənistanın Əfqanıstanla sərhədi var. Əfqanıstanda isə Talibanın hakimiyyətə gəlişindən sonra Mərkəzi Asiyada yeni oyun qaydalarının bərqərar olmasını söyləyə bilərik.
İkinci bir məqam: Qırğızıstanın Mərkəzi Asiyanın digər ölkəsi Tacikistanla sərhəd münaqişəsinin olduğu bəllidir.
Üçüncü məqam: Qazaxıstan, Qırğızıstanın Çinlə sərhədi var.
Dördüncü məqam: Çin-Özbəkistan-Qırğızıstan dəmir yolu xəttinin layihəsi 25 ildir müzakirə edilsə də, bu reallaşmamış qalır.
Beşinci məqam: Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya nəqli üçün Transxəzər Qaz Kəməri layihəsi mövcuddur, bu da hələlik gerçəkləşməyib.
Altıncı məqam: Türkmənistandan Çinə qaz nəqli üçün yeni qolun inşası gündəmdədir.
Dünyada yeni düzənin formalaşması iqtisadi layihələrin effektiv şəkildə icrası və bunun nəticəsində birgə güclü siyasi iradə nümayiş etdirilməsi aktuallıq qazanır.
Yeni dünya nizamında Çinlə əməkdaşlığın dərinləşdirilməsi vacibdir, dünyanın bir sıra nüfuzlu mətbuatı Çin faktorunu önə çəkərək Pekinin maraqlarının xarakterini izah etməyə çalışır.
Mərkəzi Asiya regionu böyük güclərin toqquşan maraqlarının gücləndiyi platforma halına gəlir, belə bir zamanda isə Azərbaycan və Türkiyə proseslərin Cənubi Qafqaza sıçramaması üçün preventiv tədbirlər kompleksini işə salır.
Məsələnin daha aydın olması üçün Azərbaycan və Türkiyə prezidentləri arasında bu ilin iyun ayının 15-də imzalanan Şuşa Bəyannaməsindən bir bəndə diqqət yetirmək kifayətdir: “Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcək. Bu iclaslarda milli mənafe, tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcək”.
Bəli, söhbət ondan gedir ki, Azərbaycanın regional oyunçu olması geosiyasi reallığın tələblərinə çevrilir, bu məsələdə Bakı-Ankara körpüsünün təməllərinə daha möhkəm “materiallar”ın atılması lazımdır.
Türk Şurası ölkə başçılarının İstanbul sammiti Bakı-Ankara müştərək maraqlarının digər üzv ölkələrlə və müşahidəçi qismində olan dövlətlərlə (Macarıstan, Türkmənistan) sinxronlaşdırılması baxımından önəmli idi.
Qurumun adını dəyişərək Türk Dövlətləri Təşkilatı adlandırılmasına gəlincə, bu, simvolik mənadan çox, qlobal rəqabətdə alternativ siyasi güc formalaşdırılmasına eyham vuran mesajdır.
İstanbul sammitinin nəticəsi olaraq dövlət başçılarının verdiyi ortaq bəyanatın mətnində qeyd olunur ki, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev tərəfindən başlanan “Türk Vizyonu 2040” konsepsiyası strateji bir sənəddir. Bu sənəd türk dövlətlərinin ortaq maraqların güclənməsi üçün bütün sahələr üzrə əməkdaşlığın prioritetlərini özündə cəmləşdirir. Prosesin uzaq hədəflərdə qalıcı olması üçün orta müddətli strateji planın işlənib hazırlanması vacibdir, bu, gələcək illərə keçid üçün mühümdür.
Buna görə də, “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatının Strateji Yol Xəritəsi”nin hazırlanması təlimatı verilib.
Türk Dövlətləri Təşkilatı Qırğızıstan-Tacikistan münaqişəsinə son verilməsi üçün danışıqlar təklif edir.
Türk Dövlətləri Təşkilatında əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi Azərbaycanın Qarabağ müharibəsində Ermənistan üzərində qələbə qazanmasından sonra başladı.
Demək ki, bu zamana qədər Türk dünyasında siyasi bağların və müştərək maraqların təminində Qarabağ münaqişəsi əngəl rolunu oynayıb. Konfliktin başa çatmasından sonra isə Cənubi Qafqazda yaranan yeni reallıqlar Mərkəzi Asiya ilə əməkdaşlığın formatına yeni rənglərin qatılmasını şərtləndirir.
Zəngəzur dəhlizi də bu formatda yer alan bir platformadır, bu koridoru Rusiya, Çin, Avropa İttifaqı da dəstəkləyir, ABŞ-dan gələn son açıqlamalar isə Vaşinqtonun mövqeyinə korrektə etməsinin göstəricisidir.
Bunun səbəbinə gəlincə, bu, regionda qlobal güclərin artan maraqlarından qaynaqlanır.
NƏTİCƏ:
1. Türk Dövlətləri Təşkilatının formulları Rusiyanın mövqelərini zəiflədən amilə çevrilir;
2. Qərb bundan yararlanmağa çalışır, lakin Təşkilat poliqon olmamaq üçün çalışır və müdafiə tədbirlərini gücləndirir;
3. Əməkdaşlıq dayanıqlı və qalıcı olacağı təqdirdə, Türk Dövlətləri Təşkilatının birgə ordusu də yaradıla bilər.
Aqşin Kərimov
"Çin" teqi üzrə xəbərlər
- Çində idmançı-həkim rəqibini xəstəxanalıq etdi
- Çinli qadın hər bürcdə bir uşaq dünyaya gətirir
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var