Azərbaycan üçün vacibdir ki, türkdilli dövlətlər Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəklərini əsirgəməsinlər.
Bu fikirləri Oxu.Az-a açıqlamasında azərbaycanlı politoloq Elxan Şahinoğlu deyib.
“Türkdilli dövlət başçılarının sammitində xüsusi olaraq hansısa saziş imzalanmır, böyük layihənin icrası müzakirə olunmur. Türkdilli dövlətlər birliyi hərbi blok da deyil ki, hansısa ölkə buna ehtiyatla yanaşsın.
Türkdilli dövlətlərin birliyi heç bir dövlətə qarşı yönəlməyib. Buna baxmayaraq, bu sammitlər türkdilli dövlətlərin hər biri üçün faydalı əməkdaşlıq müstəvisidir. Liderlər görüşür və açıq fikir mübadiləsi aparırlar. Azərbaycan hər bir türkdilli dövlətlə sıx əməkdaşlığa çalışır.
Xəzərin hüquqi statusunun müəyyənləşməsində üç türkdilli dövlət – Azərbaycan, Türkmənistan və Qazaxıstan iştirak etdi. Bu, türkdilli dövlətlər arasında enerji və ticarət əməkdaşlığına daha böyük təkan verəcək”, - politoloq bildirib.
Ekspert qeyd edib ki, türkdilli dövlətlərin birliyinin hərbi blok yaratmasına ehtiyac yoxdur.
“Türkdilli dövlətlər fərqli hərbi bloklarda yer alıblar. Məsələn, Türkiyə NATO-nun, Qazaxıstan və Qırğızıstan isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridirlər. Azərbaycan isə balanslaşdırılmış xarici siyasətə üstünlük verir. Əgər türkdilli dövlətlər hərbi blok yaratsalar, Rusiya bunu özünə qarşı təhlükə kimi qiymətləndirə bilər. Türkdilli dövlətlər isə Rusiya ilə münasibətlərdə gərginlik yaşamaq istəmirlər.
Buna baxmayaraq, türkdilli dövlətlər hərbi məsələlərdə məsləhətləşmələr apara bilərlər. O cümlədən, birgə hərbi sənaye komplekslərinin yaradılması da mümkündür. Humanitar sahədə inteqrasiyanı sürətləndirmək üçün geniş məkan var. Bu baxımdan, ortaq televiziyanın və ortaq universitetin təsisi aktualdır”, - Şahinoğlu əlavə edib.
Ə.Ş.
www.oxu.az