İyulun 19-21-də Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu yalnız informasiya texnologiyalarının deyil, həm də Azərbaycanın çağdaş dünyaya təqdim etdiyi geosiyasi baxış bucağının parlaq nümunəsidir. "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda keçirilən forum 52 ölkədən 140-dan çox iştirakçını bir araya gətirməklə Azərbaycanın texnologiya, diplomatiya və strateji mesajlar sahəsində yüksələn rolunu bir daha göstərdi. Forumda media savadlılığı, informasiya təhlükəsizliyi, süni intellektin medianın dayanıqlılığına təsiri, dezinformasiyaya qarşı strategiyalar kimi mühüm mövzular müzakirə edildi. Prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandıraraq mühüm məqamlara toxundu.
Azərbaycan süni intellektlə ayaqlaşır
Forumun əsas mövzusu olan süni intellektin media mühitinə təsiri və informasiya təhlükəsizliyi XXI əsrin qlobal çağırışları arasında yer alır. Artıq süni intellekt yalnız texnoloji alət deyil, informasiya suverenliyi və ictimai etimad üçün də real risk mənbəyidir. Azərbaycan isə bu çağırışa passiv izləyici kimi deyil, aktiv iştirakçı kimi yanaşır. Prezident İlham Əliyevin forum iştirakçıları ilə görüşündə səsləndirdiyi fikir bunu açıq şəkildə ifadə etdi:
"Süni intellektin yayılması o qədər sürətlə gedir ki, istifadəçilərin sayı çox olacaq. Əsas odur ki, süni intellekt bizi bildiyimiz meyarlardan uzaqlaşdırmasın".
Ümumiyyətlə isə rəqəmsal idarəetməyə keçid Azərbaycanın son iqtisadi islahatlarında prioritet istiqamət kimi müəyyən edilib. "Azərbaycan 2030: Sosial-İqtisadi İnkişaf üzrə Milli Prioritetlər" adlı sənəddə rəqəmsal transformasiyanın zəruriliyi vurğulanır. Forum isə bu səylərin artıq qlobal səviyyədə tanıdıldığını göstərdi.

Xankəndidə dəyişən məna: Münaqişədən dialoqa
Forumun Xankəndidə, yaxın keçmişdə münaqişənin mərkəzi olan bir şəhərdə keçirilməsi də təsadüfi deyil. Bu, simvolik və strateji seçimdir. Azərbaycan bu şəhəri mədəni, texnoloji və diplomatik bir məkana çevirərək, beynəlxalq ictimaiyyətə Qarabağın artıq sülh, əməkdaşlıq və bərpa arenası olduğu mesajını verdi. Forum iştirakçıları da Ağdam və Laçına təşkil olunan səfərlər vasitəsilə işğal dövrünün izlərini, eyni zamanda, bərpa prosesinin sürətini yerində gördülər. Bu isə Azərbaycanın yumşaq güc strategiyasının uğurlu nümunələrindən biridir.

Geosiyasi baxış: Regiondan dünyaya yayılan platforma
Azərbaycan bu forumla sübut etdi ki, texnoloji platformalara açıqdır, bu istiqamətdəki trendlərə inteqrasiya olmaqla qlobal debatlarda söz sahibi olmaq imkanına malikdir, öz informasiya modelini daha açıq və etik əsaslara söykənən şəkildə formalaşdırır. Bu forum, eyni zamanda, Azərbaycanın məlumat qovşağına çevrilmək potensialını ortaya qoydu. Azərbaycan bununla süni intellekt və media təhlükəsizliyi üzrə qlobal dialoqa daxil olur, beynəlxalq media kontekstində etibarlı tərəfdaş obrazını gücləndirir, həmçinin Qarabağ yeni reallıq kimi tanınır, sülh və tərəfdaşlıq simvoluna çevrilir.
Qarabağda müzakirə olunan gələcək
III Şuşa Qlobal Media Forumu göstərdi ki, informasiya əsrində bir ölkənin gücü onun təkcə silahı ilə deyil, dediyi söz, paylaşdığı informasiya və qurduğu platformalarla da ölçülür. Azərbaycan artıq yalnız müharibədən çıxmış ölkə yox, hətta qısa zaman kəsiyində rəqəmsal dövrün çağırışlarına cavab verməyə hazır, müasir və strateji baxışlı bir dövlət kimi çıxış edir.

Qarabağ - sülh və texnologiya platforması
Bir sözlə, III Şuşa Qlobal Media Forumu sadəcə bir media tədbiri deyil, bu, Azərbaycanın postmünaqişə dövründə yeni strateji mərhələyə keçidinin təntənəli bəyanatıdır. Süni intellekt, informasiya təhlükəsizliyi, media etikası kimi çağdaş mövzuların tarixi bir məkanda, münaqişədən çıxmış Xankəndidə müzakirəyə çıxarılması həm daxili ictimaiyyətə, həm də beynəlxalq aktorlara ünvanlanmış güclü geosiyasi və texnoloji siqnal, müharibə məkanının sülh bölgəsinə necə çevrildiyinin nümayişi, isbatıdır. Bu forum sübut etdi ki, Azərbaycan artıq yalnız enerji və nəqliyyat layihələrinin mərkəzi deyil, qlobal informasiya və süni intellekt siyasətinin də fəal iştirakçısına çevrilmək iddiasında və gücündədir. Xankəndidə bu mesaj təkcə şifahi bəyanatlarla yox, həm də məkanın özü ilə, onun seçimi ilə verildi. Forumun keçirildiyi yerin özü belə bunu deyirdi: "Keçmiş münaqişə məkanı gələcəyin texnoloji və informasiya nöqtəsinə çevrilir". Bu isə təkcə indiki zamana yox, gələcək onilliklərə də ünvanlanan strateji addımdır. Çünki informasiya müharibələri dövründə əsl qalib - doğru informasiyanı doğru zamanda, doğru məkandan deyə biləndir. Azərbaycan isə qalib ölkədir.
Mərahim Nəsib