Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Xronika: "Ailə üzvlərimin bütün xatirələri Terp və Herher kəndləri ilə bağlı olub"
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Babam və nənəm qayıdış ümidi ilə dünyadan köçüb gedib" adlı veriliş əslən Dərələyəz mahalından olan Qərbi azərbaycanlı Aytən Qurbanovanın həyat hekayəsinə həsr olunub.
O bildirib ki, Azərbaycan tarixinin ən ağrılı səhifələrindən olan Qərbi Azərbaycandan deportasiya hadisələri minlərlə ailənin taleyində acı iz buraxıb: "Bu ailələrdən biri də Qurbanovlar ailəsidir və bizim tarix Dərələyəz mahalının Terp və Herher kəndlərinə gedib çıxır.
A.Qurbanova ailəsinin deportasiya tarixini nəql edərkən, nənə və babasının xatirələrini böyük həsrətlə xatırlayır: "Mən o torpaqları görməsəm də nənəmin, babamın, ailəmin xatirələri ilə böyümüşəm. Ailəmin bütün üzvlərinin əsas xatirələri, həyat amalı məhz o torpaqlarla bağlı olub. Biz bunları nağıl şəklində eşidərək böyümüşük. Babam və nənəm o torpaqlara qayıdış ümidi ilə bu dünyadan köçüb gediblər. O ümid bizim 2-ci, 3-ci nəsil - hər bir ailə üzvümüzün yaddaşında hər zaman yaşayıb. Nənəmin cənnət deyə təsvir etdiyi kəndi, hər zaman qoz ağacları, yaşıllıqlar içində olan evləri və orada yaşadıqları xoş, firavan günləri hər zaman bizə təsvir edərək danışardı".
Onun sözlərinə görə, ailənin ilk deportasiyası 1948-1953-cü illərdə baş verib: "Qəsdən dağlıq ərazidən aran bölgəsinə köçürülən ailə Salyan rayonunda məskunlaşmağa məcbur olub. O dövrdə ailələr soyqırımına, zülmə məruz qalıb, onlardan həyatlarını itirən insanlarımız olub. Ermənistanın etnik təmizləmə siyasəti heç də 1948-1953-cü illər, 1987-1988-ci illərlə məhdudlaşmır. Bu proses 20-ci əsrin əvvəllərindən, 1905-1906-cı illərdə məkrli siyasətin davamı idi. Hər zaman azərbaycanlılara qarşı xüsusi amansızlıqla cinayətlər törədilib. Ermənilər evlərə qanunsuz soxularaq şəxsi mülkiyyəti istismar edib, dağıdıb, insanların həyatı, sağlamlığı üçün kifayət qədər ciddi təhdidlər formalaşdırıb və məcburi olaraq onları qovublar. Üçüncü nəslin nümayəndəsi olan A.Qurbanova bu gün öz ata-baba yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyir: "İnsan torpağından qopardılaraq yaşaya bilməz. Biz geriyə qayıtmaqla bağlı ümidimizi uşaqlıq illərindən nənəmizdən, babamızdan görmüşük. Yaşlı nəslin nümayəndələri hələ də evlərinin açarılarını saxlayaraq geri qayıtmaqla bağlı ümidlərini qoruyub saxlayırlar. Biz öz evimizə qayıtmaq, orada Azərbaycan nəfəsini geri qaytarmaq istəyirik. Orada ermənilər heç vaxt yaşamayıblar. O torpaqlarda bizim qəbirlərimiz, abidələrimiz, əzizlərimizin xatirələri var".
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Xronika: "51 ölkə Qərbi Azərbaycana qayıdışla bağlı sənədi imzalayıb"
- Xronika: "Qıpçaqvəng kompleksində qıpçaq abidələrini dağıdıb, erməni kilsəsinə çeviriblər"
- Xronika: Ayıbasan, Ayıdərəsi, Ayılı xaraba, Aynazur, Aynaxlı, Ayrım - türk tarixinin izi
- Qərbi Azərbaycan Xronikası: "Nüvədidə bir nəfər də olsun erməni yaşamayıb"
- Xronika: Qərbi Azərbaycanda qovut hazırlama, əriştə kəsmə adətləri, xəvçilik üsulu