Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qərbi Azərbaycan Xronikası: "Hamilə qadınlar yolda stresdən doğum edərkən övladları tələf olmuşdu"
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Dörd yaşında çıxdığım kəndimizin beynimə həkk olmuş mənzərəsi var" adlı veriliş Dərələyəz mahalının Paşalı rayonunun İstisu kəndində anadan olan Ceyhunə Şirəliyevanın həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq illərinin babasının yanında Terp kəndində keçdiyini, 4 yaşına qədər orada yaşadığını deyib: "Biz uşaq vaxtı kündə daşımaq üçün yarışırdıq. İkimərtəbəli məktəb, Qara Seyid ocağı var idi. Kənddə Nənəballı tayfasının qız-gəlinlərinin toxuduğu xalca məşhur idi. Kəndimizin çox zəngin təbiəti, Qoç bulağı, Çuxuryurd, Terp dağı, Gümüşxana biçənəyi var idi. Bu toponimlər Azərbaycan türklərinə xasdır. Sakinlər çaşır otu, əvəlik yığardılar. Novruz fərqli bayram kimi keçirilərdi. Yumurtaları vaxtından əvvəl seçib boyayardıq. Qonşuların evinə baca-bacaya gedərdik. Toyda yallı gedərdilər, küsülülər barışardılar".
Onun sözlərinə görə, 4 yaşında kənddən məcbur köçürülüblər: "Qarlı-qışlı bir hava, qaranlıq bir gecə idi. Kənd camaatı yolda erməni hücumlarına məruz qaldı, əllərindən mal-heyvanını aldılar, hədə-qorxu gəldilər. Yolda maşınları yandırdılar. İnsanlara hücum çəkdilər, cavan oğlanlarımızı öldürdülər. 1988-ci ildə noyabrların axırları idi. Hamı öz ailəsinin qocasını, cavan qız-gəlinini və uşaqlarını, körpələrini çıxardı. Yolda hamilə qadınlarımız stresdən, həyəcandan doğum etmişdilər, övladları tələf olmuşdu. Beləliklə, baş verən deportasiya nəticəsində kənd sakinləri doğma yurdlarından zorla çıxarıldılar. Əşyalarımız, fotolarımız - hər şeyimiz o kənddə qaldı. Əhalinin böyük hissəsi Qarabağ bölgəsinə köçürüldü və bu da sonradan ikinci faciəyə səbəb oldu. 1992-ci ildə Xocalı soyqırımı zamanı Terp kəndindən 19-dan çox insan şəhid oldu, itkin düşdü, girov qaldı. Bizim ailəmiz Mingəçevirə, oradan da Bakıya gəldi. Nənəm bu iqlimə uyğunlaşmadı və Şamaxının Meysəri kəndinə köçdü".
C.Şirəliyeva hazırda Terp kəndinin keçmiş sakinlərinin Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdığını və doğma yurda qayıdacaqları günü gözlədiklərini bildirib: "Məni o torpaqda babamın yeridiyi o ləpirlər səsləyir. Orada anadan olub, yaşadığım həyat tərzi, o təbiət, yurd-yuvam məni geri çağırır. Bizim orada yaşamağımız haqqımızdır. İnşallah ki, bu arzularıma çatacağam və yenə də babamın əkdiyi ağaclardan ərik yığacağam".
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:
"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Xronika: "Gürcüstan-Ermənistan yolunun əhəmiyyətli hissəsi Azərbaycanın nəzarətinə keçir"
- Xronika: "Sinayda tapılan alban dilində 315 səhifəlik "Palimpsest" erməni yalanlarını ifşa etdi"
- Qərbi Azərbaycan Xronikası: Allahverdi, Allahverdibəy, Almalı - Türk tarixinin izi
- Qərbi Azərbaycan Xronikası: "Difai" çar Rusiyasında böyük təşviş yaratmışdı"
- Xronika: "Qərbi Azərbaycanda olan qayaüstü rəsmlər Qobustandakı rəsmlərlə eynilik təşkil edir"