Yeni Azərbaycan Partiyasın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şura və Rüstəm İbrahimbəyovla bağlı açıqlama verib.
Oxu.Az YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun Qafqazinfo-ya verdiyi müsahibəsini sizə təqdim edirik:
- Müxalifət düşərgəsində qeyd edirlər ki, iqtidar seçki kampaniyasına qeyri qanuni şəkildə vaxtından əvvəl start verib. Bu belədirmi?
- Qəti şəkildə belə bir şey yoxdur. Seçki Məcəlləsinin tələbləri var. Məsələn, mən bir neçə gün bundan əvvəl yeni yaradılmış Pirallahı rayonunda partiyanın təsis tədbirində iştirak etdim. Və bu mətbuatda da işıqlandırıldı. Bunun təbliğata və yaxud da seçkiyə nə aidiyyatı var? Biz il boyu bu görüşləri keçiririk. Bu həm seçki, həm də adi vaxtlarda baş verir. Sadəcə, bu il həssas dönəm olduğuna görə camaatla bu barədə görüşlər aparılır. Qarşıda duran vəzifələr müəyyənləşdirilir. Biz burada təbliğat təşviqat kampaniyası ilə məşğul olmuruq.
- Demokratik düşərgədə Milli Şura yaranıb və onun da prezident seçkilərində vahid namizədi Rüstəm İbrahimbəyov olduğu elan olunub. R.İbrahimbəyovun ölkəyə ayın sonlarında dönəcəyi bildirilir. Düşərgədən qeyd edirlər ki, hakimiyyət onun gəlişinə maneə yaradacaq. Bu mümkündürmü?
- Bilirsiniz, bizim üçün kimin namizəd olub-olmamasının fərqi yoxdur. İstəyir hər bir partiya namizədi olsun, istəyir partiyalar yığışıb bir nəfəri namizəd kimi müəyyənləşdirsinlər. Bizim namizədin nə ölkə, nə xaricdə alternativi yoxdur. Sadəcə olaraq o partiya sədrləri öz partiyaları tərəfindən dəstəklənmirlər. Partiyaları onları namizəd kimi görmür və bilir ki, bunun heç bir potensialı yoxdur. Bunun nəticəsi olaraq da axtarıb hardansa bir namizəd tapıb gətirirlər. Birincisi, Rüstəm İbrahimbəyov namizəd kimi irəli sürülməyib. Milli Şuraya sədr seçə bilərlər. Rüstəm İbrahimbəyov tələblərə cavab verərsə, ya özü öz namizədliyini irəli sürməlidir, yaxud dakı siyasi partiyalar özlərinin qurultayını keçirib Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüb sonradan blok yaradıb qərar qəbul edərək siyasi partiyaların blokları adından onun namizədliyini verə bilərlər. Milli Şura adlı qurum Azərbaycan Respublikasında heç bələdiyyə üzvlüyünə də namizəd irəli sürmək hüququna malik deyil. Bu Seçki Məcəlləsinin tələbidir. Ya bunlar seçkidə iştirak etmək istəmirlər, mən belə başa düşürəm. Ya da dolayısıyla bilirlər ki, seçkidə heç bir səs qazana bilməyəcəklər, heç bir imkanları yoxdur. Seçkinin üzərinə guya yalandan kölgə salmaqdan istəyirlər ki, guya onların namizədini qeydə almadılar.
-Yəni belə anlamaq olar ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeyd alınmayacaq...
- Hələ qanuni şəkildə namizədliyi irəli sürülməyib.
- Bəs qanuni şəkildə irəli sürülərsə, onda necə?
- Qanuni şəkildə irəli sürüldükdən sonra Rüstəm İbrahimbəyovun ikinci məsələləri başlayır. Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində göstərilir ki, kimlər seçkilərdə namizəd ola bilər. Orada açıq şəkildə yazılıb ki, yaşı 35-dən yuxarı olan, ali təhsilli, ikili vətəndaşlığı olmayan, 10 ildən artıq Azərbaycan ərazisində daimi yaşayan, ağır cinayət törətməyən şəxslər Azərbaycan Respublikasının prezidentliyinə namizəd ola bilər. Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı var. Hələ bu məsələ həll olunmayıb.
- Artıq bununla bağlı İbrahimbəyov müvafiq quruma müraciət edib. 1 ay ərzində bu məsələ həll olunmalıdır...
- O sənədi verib. Konkret Rusiya prezidentinin fərmanı lazımdır. Komissiya bu məsələni qaldırmalıdır. İkili vətəndaşlığı aradan qalxmalıdır. İkili vətəndaşlıq olan kimi avtomatik olaraq həmin dövlət qarşısında öhdəliklər olur. Rüstəm İbrahimbəyovun da Rusiya dövləti qarşısında öhdəliyi var. 25 təşkilatdan sənəd almalıdır ki, onların qarşısında öhdəliyi yoxdur. Vergi, iqtisadi, siyasi və.s öhdəlikləri var. Bu oranın hansısa universitetinin müəllimidir. Ordan əməkhaqqı alır. Burada qarşılıqlı öhdəliklər yaranır. Bunlara aydınlıq gətirilməlidir. Bu bütün dünyanın tələbidir. Bizim tələbimiz deyil. Bizim üçün ən yaxşı variant Rüstəm İbrahimbəyovdur. Çünki 3 adam ölkədə ona səs verməyəcək. Keçirdiyimiz sorğulardan əzbər bilirik ki, Azərbaycanda Rüstəm İbrahimbəyov adlı adam tanımırlar. Ola bilər ki, yaşlı nəslin bir neçə nümayəndəsi vaxtilə bununla bir yerdə işləyən, yaxud da ki bunun bir neçə filminə baxan insanlar onu tanıyırlar. Yeni nəsil, ümumiyyətlə, cəmiyyət o adda adam tanımır.
- Yəni konkretləşdirsək, Rüstəm İbrahimbəyov qanuni şəkildə namizədliyini irəli sürsə də, ikinci mərhələdə onun problemləri olduğunu qeyd edirsiniz. Yenə də namizədliyi qeyd alınmaya bilər?
- Digər məsələləri də həll etməlidir, ondan sonra qeydiyyatdan keçməlidir. Hər şey qanuni şəkildə olmalıdır. Heç biz bunları deməyə bilərik. Sonradan vaxtı gələndə onsuz bunlar ortaya çıxacaqlar. Amma qabaqcadan deyirik ki, sonradan başqa-başqa təşkilatlara müraciət etməsinlər. Seçkinin elan olunmasına götürək ki, 1 aydan da az vaxt qalır. Bu günə qədər bunlar namizəd kimi bunu müəyyən edə bilməyiblər. Və bunun hüquqi təminatını həll etməyiblər. 8 partiya hər biri özünün qurultayını keçirməlidir. Qurultay keçirməkdən ötrü yerlərdə konfranslar keçirilməli və ordan nümayəndə seçilməlidir. Seçki Məcəlləsində nümayəndlərin neçə nəfər olması şərti var. Səsvermənin nəticəsi nədən ibarətdir? Bunlar hamısı siyasi partiyalar haqqında qanunun tələblərinə cavab verməlidir. Bunlar bu gün bu işlərlə məşğul olmaq əvəzinə biri deyir ki, mən Amerikada görüşlər keçirirəm, biri deyir ki, Avropada görüşlər keçirməyə gedirəm. Siz hələ hüquqi təminatınızı həll edin, ondan sonra görüşlərə başlayarsınız.
- Bir neçə gün əvvəl prezidentin başçılığı altında Nazirlər Kabinetinin iclası keçirildi. Prezident çıxışında qeyd etdi ki, ermənipərəst, ölkənin uğurlu inkişafını qəbul edə bilməyən insanların sayı artıb. Sizcə, prezident konkret olaraq kimləri nəzərdə tutur?
- Bu gün xaricdə və daxildə Azərbaycanın inkişafını gözü götürməyən, ona qarayaxmaqla məşğul olan, onun haqqında mənfi imic formalaşdıran insanlar nəzərdə tutulur. Məsələn, Leyla Yunis kimi, elə o Milli Şuraya toplaşan insanlar və.s. Bu gün bu insanlar ermənilərlə eyni tərəzinin gözündədirlər. Onların da Azərbaycandakı inkişafı, quruculuğu, artan gəlirləri gözü götürmür. Xaricdə olan təşkilatların da gözü götürmür və onların vassalı olan insanların da.