Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Deputat: Universitetlərə qəbul asanlaşdırılmalıdır
Təhsil sahəsində islahatların olacağı ilə bağlı cənab Prezident bir müddət öncə anons verib. Heç bir şübhə yoxdur ki, bunun ardınca islahatlar paketi, prosesin necə keçməsi texnologiyası açıqlanacaq. Bu islahatlar günün tələblərinə cavab verəcək və hər birimizin maraqlarına uyğun olacaq.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, hər bir vətəndaş təhsillə bu və ya digər dərəcədə bağlıdır və təhsilin necə olması tək bu günün deyil, gələcəyimizin təminatçısıdır.
Millət vəkili deyib ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də dünyanın qabaqcıl təcrübəsinin ölkəmizdə tətbiq edilməsində maraqlıdır.
“Burada həm dövlət, həm də özəl təhsil müəssisələrinin birgə, yanaşı fəaliyyət göstərməsi, rəqabətin mövcud olması çox vacib bir məsələdir. İkincisi, burada ən vacib məsələ ali təhsilin daha çox insanı əhatə etməsi məsələsidir.
Bunun üçün universitetlərə sərbəstlik verilməlidir, qəbul asanlaşdırılmalıdır. Ancaq bununla belə, universitet daxilində semestr imtahanları çətinləşdirilməlidir.
Tələbənin gələcəkdə yaxşı mütəxəssis olması tələbləri sərtləşdirilməlidir və ali məktəbi bitirməyin özü çətin bir prosesin nəticəsi olmalıdır. Bu baxımdan, hesab edirəm ki, belə bir formada alınan diplom artıq öz nüfuzunu artırmış olacaq.
Eyni zamanda, həm orta məktəbləri, həm kollecləri, həm universitetləri bir dəfə bitirməklə müəyyən dərəcədə təhsil qazanmaq formasını, praktikasını qəbul etmək yetərli olmaz. İnsan bütün həyatı boyu təhsil almağa maraqlı olmalıdır.
Ona görə insanların həm öz ixtisası, çalışdığı sahə üzrə, həm də özünün intellektual səviyyəsini qaldırmaq üçün əlavə təhsil almasına, müəyyən kurslar keçməsinə, əlavə fakültələr bitirməsinə dəstək vermək lazımdır.
Şübhəsiz, burada təhsil müəssisələrinin maddi-texniki bazası, təhsil işçilərinin əməkhaqlarının yüksək olması çox vacib bir rol oynayır. Elə bir sistem yaradılmalıdır ki, ali məktəbləri əla qiymətlərlə bitirənlər universitetlərdə müəllim kimi qalıb işləməyi özləri üçün daha prestijli, daha əhəmiyyətli bir seçim hesab etsinlər.
Bir sözlə, Azərbaycanda artıq müəyyən bir təcrübə toplanıb və bu baxımdan, biz islahatların özü ilə açıqlamaları gözləyirik”, - deyə A.Mirzəzadə əlavə edib.
Kamil HƏMZƏOĞLU
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?