Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dəllallar maşın bazarında süni sistem yaradıblar - İDDİA
Müşahidələrimiz onu göstərir ki, son günlər avtomobil bazarında durğunluq hökm sürür. Bazarda alıcıdan çox satıcı nəzərə çarpır. Bu, qiymətlərdə də öz əksini tapıb. Bəzi avtomobillərin qiymətində cüzi də olsa, ucuzlaşma müşahidə olunur.
Bəs bu vəziyyət nə ilə bağlıdır və nə vaxtadək davam edəcək?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib ki, maşın bazarında tələbatın azalması mövsümlə əlaqədardır:
“Hər il iyul-avqust aylarında maşın bazarında durğunluq yaranır, tələbat zəifləyir. Bəziləri istirahətə gedir, bəziləri övladını məktəbə qoymağa hazırlaşır və s. Bu kimi məsələlər tələbatın azalmasına səbəb olur, qiymətlərə öz təsirini göstərir. Amma sentyabr-oktyabr aylarında alıcıların sayında artım olacağı gözlənilir”.
Onun sözlərinə görə, ümumilikdə, bu, bazarda dəllallıq edənlərin yaratdığı süni sistemdir:
“Bu sistemi insanların xeyrinə dəyişmək üçün gömrük rüsumlarına bir daha baxılmalıdır. Azərbaycanda gömrük rüsumları kifayət qədər yüksək olduğu üçün insanlar xaricdən yeni avtomobilləri yerli bazardan daha ucuz qiymətə alıb, ölkə ərazisinə gətirərək qeydiyyata sala bilmirlər. Bu gün ölkəyə hibrid və elektrik avtomobillərinin gətirilməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir”.
Ekspertin fikrincə, bu gün maşın bazarı ona görə “ayaqüstə”dir ki, burada köhnə avtomobillərin satışı həyata keçirilir:
“Hazırda maşın bazarında nəzarət mexanizmi yoxdur. Bu gün maşın bazarı müəyyən adamların əlindədir. Bu da maşın bazarında qiymətlərə təsir edir”.
E.Muradlı əlavə edib ki, bu gün ən çox tələbat ucuz avtomobillərədir:
“Misal üçün, “Mercedes”, “KİA”, “Toyota”, “Hyundai” kimi avtomobillərin ili köhnə olan modelləri də çox satılır. Çünki ölkəmizdə bu kimi avtomobillərin ehtiyat hissəsi ilə bağlı problem yoxdur. Təzə avtomobil almaq istəyən, ancaq imkanı çatmayanlar Çin istehsallı maşınlara da üstünlük verirlər. Bundan başqa, Rusiya istehsallı “Niva” və “Lada Priora” kimi avtomobillər də çox satılanlar sırasındadır”.
Samir İsayev