2019-cu ilin payız sessiyasının iş planına iqtisadi sahənin daha da inkişaf etdirilməsini təmin edəcək bir sıra vacib qanun layihələri daxil edilib.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə komitənin iclasında bildirib.
İclasda ikinci oxunuş üçün təqdim olunmuş “Lombardlar haqqında” qanun layihəsi barədə də məlumat verilib.
Sənəddə lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi məsələləri öz əksini tapıb.
Habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarət ilə bağlı münasibətlər tənzimlənir.
Diqqətə çatdırılıb ki, layihənin ilk müzakirəsi zamanı verilən təklif və tövsiyələr sənəddə öz əksini tapıb. Sənədə görə, lombard öz vəsaiti hesabına girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyaları digər risklərdən sığortalaya bilər.
Lombardın girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyadan istifadə etmək, ona dair sərəncam vermək və ya onu dəyişdirmək hüququ yoxdur.
Müştəri kredit müqaviləsinin bağlanılmasından əsassız imtina edən lombarda qarşı məhkəməyə müraciət edə bilər. Lombard tərəfindən təminatsız kredit verilə bilməz.
Qeyd edək ki, iclasa ümumilikdə 8 məsələ - “Lombardlar haqqında” (2-ci oxunuş), “Texniki tənzimləmə haqqında” (3-cü oxunuş), “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” və “Energetika haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik layihələri müzakirəyə çıxarılıb.
İclasın sonunda gündəliyə daxil edilən bütün sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Aqşin Kərimov
Rəylər