Bu ilin doqquz ayı ərzində 24000 kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb, 16 müraciətə (karantin tətbiq edilən orqanizmin aşkarlanması ilə bağlı) imtina verilib.
Oxu.Az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən jurnalistlər üçün Heydər Əliyev adına Hava Limanında yerləşən Bakı Karqo Terminalına təşkil etdiyi infotur zamanı AQTA-nın sektor müdiri Samir Rüstəmli bildirib.
Onun sözlərinə görə, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq müxtəlif nəzarət tədbirləri həyata keçirilir:
“Risk əsaslı yanaşmada üç meyar əsas götürülür: məhsulun risk səviyyəsi, ixracatçı ölkənin qida təhlükəsizliyi sisteminin göstəriciləri və idxalçının uyğunluq tarixçəsi. Belə ki, ilk olaraq məhsulu müşayiət edən müvafiq sənədlər yoxlanılır.
Sənədlər qaydasında olduğu təqdirdə məhsul partiyası identiklik və ya eynilik yoxlamasından keçirilir. Yəni sənədlərdə bəyan edilmiş məhsulla faktiki idxal olunmuş məhsulların eyniliyi yoxlanılır.
Bundan sonra məhsulların risk səviyyəsinə uyğun olaraq tələblərə cavab verməsini yoxlamaq məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilir. Laboratoriyada məhsullar minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olaraq müayinə edilir, nəticələr normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi halda, məhsul geri qaytarılır, məhv edilir və ya utilizasiya olunur”.
S.Rüstəmli bildirib ki, aşkar olunan karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq 105572 kq məhsul məhv edilib, habelə 925.4 ton məhsul müxtəlif üsullarla zərərsizləşdirilib:
“Nəticələr uyğun olduğu təqdirdə məhsullara qida təhlükəsizliyi sertifikatı verilir ki, həmin sənədlə sahibkarlar idxal etdikləri məhsulları ticarət dövriyyəsinə daxil edə bilirlər. Geri qaytarılan məhsullar əsasən qonşu ölkələrdən gələn məhsullardır.
Əsasən, yay aylarında bunlar olub. Yay mövsümü əlaqədar olaraq meyvə tərəvəzlər olub. Qeyd edək ki, bu ilin ilk doqquz ayı ərzində 19997 qida təhlükəsizliyi sertifikatı verilib”.
Daha sonra terminaldakı qida əlavəsi və şokoladdan nümunə götürərək Qida Təhlükəsizliyi İnstitutuna göndərilib.
İlhamə Əbülfət
Rəylər