Türkiyənin Dənizli şəhərində özəl xəstəxanaya uşaq sahibi ola bilmək üçün gedən azərbaycanlı qadın 16 il əvvəl səhvən udduğu tikiş iynəsindən əməliyyat yolu ilə xilas olub.
Oxu.Az xəbər verir ki, türk vətəndaşı ilə evlənərək Dənizliyə köçən 38 yaşlı azərbaycanlı qadın xəstəxananın qadın xəstəlikləri və doğum şöbəsinə müraciət edib. Qadının rentgen nəticəsində sidik kisəsi bölgəsində yad cisim görünüb.
Xəstəxananın Baş həkimi Rıdvan Ərdəmir cərrahiyyə əməliyyatı ilə 6 santimetr uzunluğundakı tikiş iynəsini çıxardıqlarını açıqlayıb:
“Xəstədən soruşduqda iynəni 16 il əvvəl tikiş işi görərkən səhvən udduğunu deyib. Həkimlər ona kartof yesən, çıxar deyiblər. Sonrakı müayinədə də çıxdığını deyib arxayın ediblər. Xəstəmiz əməliyyat nəticəsində illərdir çəkdiyi qarın ağrısından xilas oldu”.
Evə buraxılan xəstənin həkimi qeyd edib:
“Çox maraqlıdır, 16 il bədəndə qalan iynə sidik kisəsinə saplansa da, daha irəli getməyib. Böyük damarlara getsəydi, təbii ki, həyati risk ola bilərdi. Xəstəmiz şanslı imiş”.
Rəylər