Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus Azərbaycan hökumətinə və xalqına təşəkkür edib.
Oxu.Az-ın xəbərinə görə, baş direktor bu barədə “Twitter” səhifəsində Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Vaqif Sadıqlıya təşəkkür ünvanlayaraq paylaşım edib.
“Səfir Vaqif Sadıqlı, sənin hökumətinə və Azərbaycan xalqına koronavirusa maliyyə dəstəyinə görə təşəkkür edirəm. ÜST həmrəyliyinizə görə, sizə minnətdardır. Birlikdə daha təhlükəsiz dünyaya doğru”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Azərbaycan dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-ün “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna beş milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.