Ölkədə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində karantin rejimi tətbiq edilir. Karantin rejimi normaları çərçivəsində tibb müəssisələrində xəstələrlə görüşün məhdudlaşdırılmasına qərar verilib.
Oxu.Az xəbər verir ki, bəzi vətəndaşlar xəstəxanalarda müalicə alan yaxınlarını bir tibb müəssisəsindən başqasına köçürməkdə çətinlik çəkirlər.
Belə ki, vətəndaş iddia edir ki, tibb müəssisələri ölkə ərazisində koronavirus infeksiyası səbəbindən digər pasiyentlərin sağlamlıqlarını müdafiə etmək məqsədilə başqa xəstəxanalardan xəstə köçürülməsindən imtina edir:
“Yaxın qohumum paytaxtda fəaliyyət göstərən dövlət xəstəxanalarından birində mədə və qaraciyərindən müalicə olunur. Xəstəni özəl klinikalardan birinə köçürmək istəyirəm. Lakin ölkə ərazisində COVID-19 şübhəsi ilə bağlı məqamları əsas götürərək, bundan imtina edirlər. Məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etsək də, cavab ala bilmirik”.
Mövzu ilə əlaqədar Oxu.Az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib.
TƏBİB-in Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, pasiyentlərin bir xəstəxanadan digərinə köçürülməsi ilə bağlı prosedur qaydaları var:
“Xəstəxanalarda müalicə alan şəxslərin ailə yaxınları ilə görüşlərinin məhdudlaşdırılması karantin rejiminin tələblərinə uyğun olaraq tənzimlənir. Ailə yaxınları tərəfindən pasiyentlərin tibb müəssisəsindən çıxarılıb, hər hansı başqa xəstəxanaya aparılmasında isə problem ola bilməz. Prosedur qaydalarına görə, xəstədən öz istəyi ilə müalicə aldığı mərkəzi tərk etmək istədiyinə dair izahat alınır.
Daha sonra xəstədən COVID-19-a qarşı analiz götürülür. Analizin cavabları barədə xəstəlik vərəqəsində qeyd aparılır. Əgər cavablar neqativ (mənfi) çıxıbsa, bu, pasiyentin xəstəxanadan çıxarış vərəqəsinə qeyd edilir. Digər xəstəxanalar isə həmin çıxarış vərəqəsi əsasında xəstəni müvafiq şöbədə yerləşdirə bilir. Burada hər hansı çətinlik yoxdur”.
Könül Cəfərli
Rəylər