Bu günlərdə bir qrup Azərbaycan vətəndaşı İraqdan Vətənə təxliyə edilib. Əsasən müqəddəs Nəcəf şəhərində təhsil alan tələbələrdən ibarət qrup bir neçə aydır ki, koronovirus nəticəsində İraq sərhədlərinin bağlanması ilə əlaqədar vətənə qayıda bilmirdi. Eyni zamanda pandemiya nəticəsində iqtisadi fəaliyyət və təhsilin dayandırılması vətəndaşlarımızın vəziyyətinin ağırlaşmasına səbəb olub.
Oxu.Az-a məlumat verən İslam Rzayev bildirdi ki, dövlətimiz tərəfindən həyata keçirilən təxliyyə proqramı sayəsində tələbələrin hamısının, o cümlədən, ailə üzvlərinin vətənə qaytarılması həyata keçirilib. İki gün əvvəl Azərbaycana gətirilmiş həmvətənlərimiz hazırda cənub bölgəsindəki hotellərdən birinə yerləşdiriliblər, burada təyin olunan karantin rejimində saxlanılırlar.
Tələbə və ailə üzvlərinin adından göstərilən qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirən, İ.Rzayev həmçinin təxliyyənin mütəşəkkil qaydada həyata keçirilməsində Azərbaycan Respublikası XİN, həmçinin Azərbaycanın İraq və İrandakı səfirliklərinin göstərdiyi yüksək peşəkarlıq və dəstəklərini yüksək qiymətləndirib:
“Bizə göstərilən qayğı və diqqət bir daha dövlətimizin mərkəzində Azərbaycan vətəndaşının olduğunu göstərdi, bu çətin vəziyyətdə olan vətəndaşa diqqətin bir nümunəsi oldu”.
İslam Rzayev müəyyən olunmuş karantin müddəti bitdikdən sonra təxliyyə edilmiş vətəndaşların ailələri ilə görüşəcəkləri anı səbirsizliklə gözlədiklərini qeyd etdi.
Rəylər