“Koronavirus pandemiyası ilə əlaqədar kütləvi tədbirlərin, o cümlədən toyların qadağan edildiyi bir vaxtda sosial şəbəkələrdə yayılan toy görüntüləri ictimai rəydə kəskin etiraz doğurub. Bu da təbiidir, çünki indiyə kimi bu cür tədbirlər keçirən sadə vətəndaşlarımız barədə inzibati tədbirlər görülüb və onların cəzalandırılması ictimaiyyətin gözu qarşısında baş verib”
Bu fikirlər millət vəkili Məzahir Əfəndiyevə aiddir. Deputat son hadisələri belə şərh edib:
“Dövlətin insanları karantin rejiminin tələblərinə riayət etməyə çağırdığı, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gərginləşdiyi bir vaxtda cəmiyyətdə tanınan insanların bu hərəkətlərinə heç bir halda haqq qazandırmaq olmaz. Bu cür vəzifə daşıyıcıları sadə insanlara nümunə olmaq əvəzinə, özləri qanunları kobud şəkildə pozur və buna bəzi hallarda hətta haqq qazandırmağa çalışırlar.
Toy sahiblərinin, eyni zamanda iştirak edənlərin qanunlari pozaraq Prezidentin çağırışlarına məhəl qoymamaları, həmçinin “Biz birlikdə güclüyük” şüarına saymazyana yanaşmaları ictimai rəydə hökumətin bu istiqamətdə hansısa sərt tədbirlər görəcəyinə şübhələri artırırdı. Lakin baş verən hadisələr bunun əksini göstərdi.
Azərbaycan ictimaiyyətinin haqlı tələbinə uyğun xalq qarşısında məsuliyyət daşıyan bu vəzifə sahiblərinin hakimiyyət tərəfindən cəzalandırılması ictimai təpki ilə yanaşı, dövlətin iradəsinin, gücünün bir daha ortada olduğunu əyani sübut etdi. Aydın oldu ki, artıq Azərbaycan cəmiyyətində toxunulmaz şəxs yoxdur, qanunu pozanlar kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verəcəklər.
Bu gün Azərbaycan üçün çətin, həssas bir zamanda hamımız birmənalı şəkildə Prezidentin yanında olmalıyıq və qanunu pozanlar bilməlidir ki, güclü dövlətimiz onlara layiq olduqları yerin bundan sonra da çox böyük həvəslə göstərilməsində yardımçı olacaq”.