Şuşa rayonunun Cəmillər kəndi ərazisində baş verən mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1979-cu il təvəllüdlü şəxs (kişi) sentyabrın 28-də saat 10 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.
"Aparılan müayinələr zamanı pasiyentə təpə nahiyəsinin kəsilmiş yarası, L1 fəqərəsinin köndələn çıxıntısının minimal sınığı, döş sümüyünün xətti sınığı, bədənin müxtəlif nahiyələrində sıyrıqlar və sağ yuxarı ətrafın I dərəcəli yanığı diaqnozları təyin edilib.
Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyəti kafi qiymətləndirilir. Müalicəsi Ümumi cərrahiyyə və orqan transplantasiyası şöbəsində davam etdirilir", - deyə məlumatda bildirilib.
İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində 2026-cı il 28 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat verib.
1979-cu il təvəllüdlü, Bakı şəhər sakini Bəxtiyar Mirzə oğlu Bayramovun keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə idarə etdiyi avtomobil tank əleyhinə minaya düşüb. Hadisə zamanı Bəxtiyar Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!