“MilliÖN” terminallarından “Azercell” mobil operatorunun xidmətləri götürülüb.
Artıq bir neçə gündür ki, “MilliÖN” terminallarından istifadə edən şəxslər bu barədə sosial şəbəkələrdə paylaşım edərək, “Azercell” mobil operatorunun xidmətlərinin ləğv edilməsinin səbəbini öyrənmək istəyirlər.
Məsələ ilə bağlı “MilliÖN” şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri İdarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva Oxu.Az-a açıqlama verib.
O bildirib ki, “Azercell” mobil operatorunun xidmətlərinin ödənişlərinin “MilliÖN” terminallarında olmamasının səbəbi tərəflər arasında davam edən danışıqlardır:
“Aparılan danışıqlar zamanı rəhbərlərin qarşılıqlı razılığı əldə olunacağı təqdirdə xidmətlər “MilliÖN” şəbəkəsində bərpa ediləcək. Onu da qeyd edim ki, regionlarda “MilliÖN” terminallarının bu istiqamət üzrə ən çox yayılan ödəmə vasitəsi olduğunu nəzərə alaraq, vətəndaşlar tərəfindən xidmətin bərpası ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Hər bir müraciət qeydə alınır”.
Könül Cəfərli
Rəylər