Azad olunmuş ərazidə avtobus qəzası ilə bağlı cinayət işi açılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı Xocalı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır: “Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
13:02
“Yaralılar hadisə baş verən gün gecə saat 2-dən səhər saat 5-ə qədər mərhələli şəkildə Mərkəzimizə gətirilib. Qəbul etdiyimiz xəstələr içərisində Türkiyə vətəndaşları ilə yanaşı, iki nəfər Azərbaycan vətəndaşı da var”.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov mediaya açıqlamasında deyib.
O bildirib ki, xəstələr həkim müayinəsindən sonra ağırlıq dərəcələrinə görə müvafiq şöbələrə yerləşdiriliblər:
“Yaralılar arasında vəziyyəti kifayət qədər ağır olanlar var. Xəsarətlər əsasən bədənin müştərək travmaları, çoxsaylı sınıqlar, döş qəfəsinin, qarın boşluğunun, daxili orqanların, kəllə-beyin travması, eləcə də bədənin yumşaq toxumalarının çoxsaylı zədələridir ki, bu istiqamətlərdə müalicə protokolları tətbiq edilir”.
Həkim yaralılardan birinin vəziyyətinin ağır olduğunu deyib:
“Xəstədə dalağın partlaması aşkar edilib. Təcili cərrahi əməliyyatla dalaq xaric edilib. Eyni zamanda döş qəfəsinin drenaj edilməsi əməliyyatı da icra edilib. Hazırda xəstənin vəziyyəti aparılan əməliyyatların ağırlıq dərəcəsinə uyğundur, ağır olaraq qiymətləndirilir.
Reanimasiya şöbəsində yatan digər xəstədə fəqərə sütunun və böyrəyin zədələnməsi diaqnozu qoyulub. Təbii ki, müalicə protokolunda mümkün qədər böyrəyin qorunması üçün metodlar tətbiq ediləcək. Xəstə ciddi həkim nəzarətində saxlanılır”.
Həkim ümumilikdə reanimasiya şöbəsində bir Azərbaycan və bir Türkiyə vətəndaşının saxlanıldığını deyib:
“Reanimasiyadakı xəstələr Azərbaycan vətəndaşı Ağakişi Bəkirov və Türkiyə vətəndaşı Halil İbrahimdir. Ağakişi Bəkirovda müştərək travma, kəllə-beyin travması, onurğanın zədələnməsi, birinci bel fəqərəsinin sınığı, posttravmatik sol böyrəyin zədələnməsi, sol bazu nahiyəsinin əzilməsi diaqnozu qoyulub. O, hazırda reanimasiya şöbəsində həkim nəzarətində müalicəsini davam etdirir. Türkiyə vətəndaşı Halil İbrahim isə kəllə-beyin travması, döş qəfəsinin əzilməsi, müştərək travma, sol körpücük sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, çanaq sümüklərinin zədələnməsi və dalağın partlaması diaqnozu ilə müalicə alır”.
10:59
Səhiyyə Nazirliyi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.
Nazirlikdən bildirilib ki, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşdirilib:
“Onlardan 11-i Türkiyə vətəndaşıdır. Xəsarət alan 13 nəfərdən 2-si reanimasiya şöbəsində müalicə alır, vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 11 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir”.
10:48
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ötən gün Xocavənddə subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya uğraması ilə bağlı yeni məlumat yayıb.
Agentlikdən bildirilib ki, qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb.
İlkin ehtimala görə yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun sürücüsü idarəetməni itirməsi nəticəsində baş verib.
Qəza ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəza nəticəsində 21 nəfər xəsarət alıb.
10:16
Dünən axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış 16 nəfər ilkin tibbi yardımdan sonra Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.
Bununla bağlı TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Füzuli Rayon Mərkəzi Xəstəxanasından isə Oxu.Az-a verilən məlumata görə, yaralılardan beş nəfər xəstəxanada, həkim nəzarətində saxlanılır. Onların vəziyyəti stabildir.
Qeyd edək ki, qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar olub. Hadisənin baş vermə səbəbləri və digər detallar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Könül Cəfərli
Rəylər