Səhər ağzımızın dadı olan məhsulların qalıqları bir neçə dəqiqə, saat sonra ayağımızın tozuna, ya da hər addımda üstünə basdığımız zibilə çevrilir. Küçələrin çirklənməsindən şikayətçi olmayanı tapmaq çətindir. Ancaq çoxları bilmirlər ki, ətrafa atılan PET qablar, içki şüşələri, plastik qablar, kartonlar, hətta istifadə edilmiş yağlar belə, təkrar emaldan sonra ikinci dəfə istifadəyə qaytarıla bilir.
Bir plastik butulkanın, polietilen məhsulun torpaqda yox olması yüzlərlə il zaman alır. Bu qədər gözləməyə ömrümüz yetməz. Bizdən tələb olunan təbiətin qeydinə qalmaq, eyni zamanda ölkə iqtisadiyyatına, ətraf mühitə faydalı olmaqdır. Bunun üçün nə edilməlidir?
Xarici ölkələrdə tullantı probleminin aradan qaldırılması üçün elementar olaraq zibilin ilkin çeşidlənməsi təşviq olunur: kartof qabıqları bir toplanır, kağız tullantılar bir və s. Yəqin ki, Bakı sakinləri də məişət tullantılarının çeşidlənməsi üçün paytaxtın müxtəlif rayonlarında qoyulan rəngbərəng qutuları görüblər. Məişət tullantılarını qutulara tələb olunan qaydada atsaq, bu onun təkrar emalı ilə məşğul olan müəssisələrdə çalışan insanların da bir qədər az zəhmət çəkməsinə səbəb olar.
Belə ki, bərk məişət tullantıları Bakı şəhərində ərazilər üzrə icra hakimiyyətləri tərəfindən toplanır və daşınaraq zərərsizləşdirilməsi üçün “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilir. Burada tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi müasir standartlara uyğun təşkil edilib.
Meyvələrin yığıldığı plastik yeşiklərin, bəzi maşın yağlarının, tortlar üçün hazırlanan altlıqların necə və nədən əldə edildiyini bilirdiniz? Elə isə bu araşdırma sizi də təəccübləndirəcək.
“Yüz dəfə deməkdənsə bir dəfə görmək yaxşıdır” deyimini rəhbər tutaraq sizi “Təmiz Şəhər” ASC-nin ərazisinə virtual səyahətə dəvət edirik.
Oxu.Az-ın müxbirlərini ərazidə “Təmiz Şəhər” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov müşayiət edir.
O deyir ki, “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində bərk məişət tullantılarının təkrar emalı prosesi bir neçə mərhələdə həyata keçirilir:
“Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir. Tullantıların qəbulu və zərərsizləşdirilməsi işi isə “Təmiz Şəhər” ASC tərəfindən reallaşdırılır. Bu proses Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi, Bakı bərk məişət tullantılarının yandırılması zavodlarında, Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu və Balaxanı Sənaye Parkında həyata keçirilir”.
Bərk məişət tullantılarının yandırılması zavodunun idarəetmə otağına daxil oluruq. Zavodun işçi heyətinin 96 faizi yerli mütəxəssislərdir.
O.Cabbarov deyir ki, zavod il ərzində 500 min ton tullantı qəbul edərək, termik üsulla zərərsizləşdirir:
“Həmin zərərsizləşdirilən bərk məişət tullantılarından elektrik enerjisi əldə edilir. Həmin elektrik enerjisi ilə (200 milyon kilovatt-saat) Gəncə boyda şəhərin tələbatını ödəmək mümkün olur. Ölkədə istehsal edilən alternativ enerjinin 1%-i bu zavodun payına düşür. Zavodun unikal cəhətlərindən biri də MDB məkanında tullantıların idarə edilməsində “smart” texnologiyalardan istifadə edilən yeganə zavod olmasıdır”.
Yəqin ki, tullantıların yandırılması zamanı havaya sovrulan zərərli tüstülərin aqibəti hər kəsi narahat edir. Müsahibimiz qeyd edir ki, bu zavod tullantılarla işləməsinə baxmayaraq, fəaliyyəti çərçivəsində ətraf mühitə mənfi təsir göstərmədən çalışan müəssisələrdən biridir:
“Zavodda tullantıların yandırılması prosesində yaranan dib külü xüsusi qaydada toplanır. Ondan yol tikintisi zamanı istifadə edilə bilər. Eyni zamanda, havaya buraxılaraq atmosferin çirkləndirilməməsi məqsədi ilə tüstü külü xüsusi filtrlər vasitəsilə tutularaq basdırılır. Zavodun fəaliyyəti bütün ekoloji standartlara tam cavab verir.
Bu zavodda tullantıların yandırılaraq utilizasiyası hesabına Balaxanı şəhər bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunun ömrü daha 20 il uzanıb. Adıçəkilən zavod, Balaxanı bərk tullantılarının çeşidlənməsi zavodu, Balaxanı Sənaye Parkı fəaliyyət göstərməsəydi, Bakı şəhərində əmələ gələn bərk məişət tullantıları, bəlkə də, artıq poliqonu tam doldurmuş olardı.
Bildiyiniz kimi, tullantıların yandırılması zamanı həcm azalır. Bu günə qədər zavod dörd milyon tondan artıq tullantını termik üsulla zərərsizləşdirib”.
Yuxarıda qeyd etdiyimiz kimi, Bakı şəhərinin dörd rayonunda - Yasamal, Nərimanov, Nizami və Nəsimi ərazisində tullantıların pilot layihə çərçivəsində toplanması və daşınması həyata keçirilir. İlkin çeşidləmə məqsədi ilə bərk məişət tullantıları üçün nəzərdə tutulan iki rəngdə - narıncı və yaşıl qutular qoyulub. Narıncı qutulara atılan tullantıların heç biri yandırılmaq üçün zavodlara gətirilmir.
Bəs onların aqibəti necə olur?
O.Cabbarov deyir ki, həmin qutularda kağız, karton, şüşə, plastik qablar olur:
“Biz hesab edirik ki, insanlar qutulara təyinatı üzrə tullantı atıblar və bu tullantıları yandırmaq üçün bu zavoda deyil, birbaşa Balaxanı Bərk məişət tullantılarının çeşidlənməsi zavoduna aparılır. Daha sonra Balaxanı Sənaye Parkına təkrar emal üçün kağız, karton, plastik qablar ayrı-ayrı xammal kimi göndərilir. Arzusundayıq ki, bu qutular, üzərində yazılan tələblərə uyğun şəkildə istifadə edilsin. Əgər bu belə olarsa, insanlar tullantıların düzgün idarə edilməsinə dəstək vermiş olarlar.
Bilirsiniz ki, yay fəsli həm də bol meyvə-tərəvəz mövsümüdür. Bununla əlaqədar, ilin bu dövrü zavodun fəaliyyətində müəyyən çətinliklər yaşanır. Belə ki, həmin üzvi tullantılar yenidən emal üçün yararlı olan xammalın itirilməsinə səbəb olur. Tullantıların üzvi maddələr arasında islanması yanma prosesini yubadır.
Bakı bərk məişət tullantılarının çeşidlənməsi zavodunun ümumi gücü il ərzində 200 min tona qədərdir.
O.Cabbarov deyir ki, bu zavod yarımavtomatlaşdırılmış rejimdə fəaliyyət göstərir:
“Burada çeşidlənmə prosesinin bir hissəsi əl əməyi hesabına, digər hissəsi isə avtomatlaşdırılmış qaydada aparılır. Çeşidlənmiş təkrar emala yararlı kütlə istehsal müəssisələrinə göndərilir və onlar da bundan təkrar istifadə edirlər.
Plastik taralar görə bilərsiniz - onlar tullantıların yenidən emalından əldə edilib. İşlənmiş mühərrik yağları yenidən emal edilərək iki növ yeni məhsula - “litol” və “solidol” yağlarına çevrilir. Hətta Balaxanı Sənaye Parkında işlənmiş qida yağlarının təkrar emalı ilə məşğul olan rezident də var. Bu yağlar hotellərdən, evlərdən, iaşə obyektlərindən toplanaraq təkrar emala cəlb edilir və biodizel üçün xammal hazırlanır. Bu xammal xarici ölkələrə ixrac edilir”.
Balaxanı Sənaye Parkında 2017-ci ildən bu günə qədər 122 milyon manat dəyərində məhsul istehsal edilib. 48 milyon manat investisiya qoyulan bu sənaye parkı artıq istehsal olunan məhsulun 13 faizini müxtəlif ölkələrə ixrac edir.
Bu proseslərdən onu başa düşdük ki, bütün bunlara tullantı deyib kənara atmaq, həqiqətən, düzgün deyil. Tullantılar bu zavodlara daxil olduqdan sonra ikinci ömür, dəyər qazanır.
Poliqon ərazisində salınan meyvə və gül bağı diqqətimizi çəkdi. Təsəvvür edirsiniz, bu ərazidə daha əvvəl qalaq-qalaq tullantılar olub, indi isə baxanda adamın gözü-könlü açılır. Balaxanı poliqonunun yerində salınan meyvə bağında ərik, gilas, albalı, şaftalı və müxtəlif növ meyvə ağacları əkilib. Bir neçə il bundan əvvəl əkilən bütün ağaclar artıq bar verməyə başlayıb. Damcı üsulu ilə suvarma isə su itkisinin qarşısını almağa xidmət edir.
Meyvə bağından keçib proseslərin davamını izləməyə gedirik.
Zibilliyin içərisindən hər il 1000-1500 manata qədər pul yığıldığını bilirdinizmi? Bəs o pullar haraya xərclənir?
Orxan Cabbarovun sözlərinə görə, hər il tullantıların çeşidlənməsi zamanı xeyli dəmir pul tapılır:
“Çeşidlənmə zamanı tapılan dəmir pullar yuyulur, dezinfeksiya edilərək Mərkəzi Banka təhvil verilir və kağız pullara dəyişdirilir. ASAN Könüllüləri təşkilatının həyata keçirdiyi “ASAN məktub” layihəsi çərçivəsində aztəminatlı ailələrdən olan uşaqların arzuları reallaşdırılır.
Bu prosesi ötən il əvvəldən-axıra qədər özündə əks etdirən videoçarx da hazırladıq. Ənənəvi olaraq “Tapılan arzular” adı altında bu xeyriyyə aksiyasının davam etdirilməsi nəzərdə tutulur”.
Plastik su butulkalarının doğranaraq xarici ölkələrə ixrac edildiyini bilirdinizmi?
Şampun, plastik su qabları, maye sabun qabları və digər bərk tullantılar yenidən emal üçün ən qiymətli xammal hesab olunur.
O.Cabbarov deyir ki, əməkdaşlar səhər saat 8-dən axşam saat 17:00-a qədər çalışırlar:
“Bu müddət ərzində hər kəsin öz işi var. Biri plastiki, başqa biri şüşələri, digəri isə polietilen torbaları ayırır.
Həmin xammal çeşidləndikdən sonra breketlənərək istehsal müəssisələrinə göndərilir. Məsələn, plastik tullantılar xüsusi prosesdən keçdikdən sonra kiçik ölçüdə olan qranul halına salınır. Xüsusi avadanlıqdan istifadə edilərək bir neçə dəqiqə içərisində yeni bir məhsula çevrilir.
Gördüyünüz bu qara rəngli taralar bir müddət əvvəl başqa bir tullantı şəklində təsərrüfat sahələrinə gətirilib. İndi isə yeni məhsul kimi insanların istifadəsinə göndərilir”.
O.Cabbarov qeyd edilir ki, kağız, karton tullantılarından daha çox qablaşdırma üçün yeni məhsullar istehsal edilir:
“Tullantıların içərisindən çıxan kağız-kartonlar da təkrar emala cəlb olunaraq onlardan yeni qablaşdırma materialları əldə edilir. Eləcə də mətbəələrdə çap prosesindən artıq qalan, tullantı kağızlardan tort altlıqları, müəyyən məhsullar üçün kağız rulonlar hazırlanır”.
Məqalənin əvvəlində sizə dediyim işlənmiş mühərrik yağlarından əldə edilən yeni sürtkü yağları ilə də yerində tanış oluruq.
“İşlənmiş mühərrik yağları təkrar emala cəlb olunur. İstehsal olunan yeni məhsullar bir sıra ölkələrə ixrac edilir. Bu yağlar yüksək və aşağı temperaturda istifadə oluna biləcək xüsusiyyəti ilə fərqlənir. İşlənmiş mühərrik yağlarının su hövzələrinə axıdılması və ya torpağı çirkləndirməsi çox ciddi fəsadlara səbəb ola bilər. Təkrar emal isə ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyata xidmət edir.
Plastik butulkalar isə qəbul edildikdən sonra yuyulur, etiketləri üzərindən təmizlənir və xırda-xırda doğranılır”.
O.Cabbarov deyir ki, doğranan plastik butulkalar kisələrə yığılaraq xarici ölkələrə ixrac edilir:
“Xarici ölkələrə ixrac edilən belə məhsuldan müxtəlif ipliklərin, sintepon materialların, idman mallarının hazırlanmasında istifadə edilir. Təbiətdə plastik butulkaların çürüməsi yüz illərlə vaxt alır. Amma bu tipli istehsal müəssisələri hesabına ətraf mühit təmiz qalır və tullantılar daha faydalı məhsullara çevrilir. Həm də ölkənin ixrac potensialı artırılmış olur.
Məsələn, bu günə qədər 122 milyon manat dəyərində məhsul istehsal edilib və onun 13 faizi xarici ölkələrə ixrac edilir”.
Mənə elə gəlir ki, çoxları bu sahədən o qədər də məlumatlı deyillər. İnformasiya çox olsa da, düşünürəm ki, maraqla oxudunuz. Təsərrüfat sahələrinin fəaliyyətinə uğurlar arzu edərək, çəkilişimizi bitirdik.
Bu cür texnologiyaların Qarabağda tətbiq edilib-edilmədiyini soruşmağa hazırlaşırdım ki, Orxan müəllim bizi qabaqladı.
Onun sözlərinə görə, mədəniyyət beşiyi olan Şuşamızda ilk fəaliyyətə başlayan qurumlardan biri məhz “Təmiz Şəhər” ASC olub və bu şəhərdə ilkin çeşidləmə məqsədi ilə tullantı meydançaları və qutular yerləşdirilib. Hazırda Şuşada bərk məişət tullantılarının düzgün idarə edilməsi istiqamətində işlər aparılır.
Cəmiyyət olaraq təkrar emal prosesinin genişlənməsi üçün əlimizdən gələn dəstəyi verməyə çalışmalıyıq. Bu, həm də təbiətin qorunması üçün ən səmərəli fəaliyyətdir. Bu ölkə hər birimizindir. Təbiətimizi qoruyaq ki, gələcəkdə, əsrlər sonra təbiət bizə düşmən olmasın...
Qeyd edək ki, tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci ildə imzaladığı Sərəncamda dəyişiklik edilərək “Təmiz Şəhər” ASC-nin fəaliyyət dairəsi genişləndirilib.Dövlət başçısının imzaladağı fərmanla ölkədə bərk məişət tullantılarının yeni idarəetmə mexanizmi yaradılana qədər, işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi, habelə digər təhlükəsiz bərk tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi "Təmiz Şəhər” ASC-yə həvalə edilib.
Sərəncama əsasən Tərtər rayonunda da bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi işi “Təmiz Şəhər” ASC tərəfindən həyata keçiriləcək.
Könül Cəfərli
Daha çox foto burada: Photostock.az
Rəylər