26 
Okt
2022
18:53
85
708
28384
Virtual karabakh

Yasamalda partlayan su kəmərindəki qəza aradan qaldırıldı - YENİLƏNİB + FOTO/VİDEO

26 Okt, 2022
18:53
28384

Yasamalda partlayan su kəmərindəki qəza aradan qaldırıldı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza aradan qaldırılıb.

Oxu.Az xəbər verir ki, bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı bildirib.

O qeyd edib ki, hazırda kəmərin su ilə doldurulması və qazılmış ərazidə yol yatağının bərpası işləri aparılır:

“Bu müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali normal qaydada içməli su ilə təmin olunub”.

18:03

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən magistral su kəmərində baş vermiş qəza nəticəsində ətrafı basmış suyun çəkilib kənarlaşdırılması məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Görülmüş tədbirlər sayəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi sona çatdırılıb.

13:21

“Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza günün sonuna qədər aradan qaldırılaraq mərkəzi və məhəllədaxili anbarlara suyun nəqli təmin ediləcək”.

Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.

Qeyd olunub ki, həmin müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali  dayanıqlı içməli su ilə təmin olunacaq:

“Eyni zamanda qəza baş verən ərazidə yol yatağının bərpası işləri həyata keçiriləcək və nəqliyyatın normal hərəkəti mümkün olacaq”.

12:53

“Təmir axşam saatlarına qədər davam edəcək”.

Bu barədə Oxu.Az-a Bakı Sukanal İdarəsindən bildirilib.

Qeyd olunub ki, partlayan boru istismara yararlı imiş:

“Qəza barədə məlumat daxil olan kimi işlərə başlanılıb. O xətt magistral xətdir. Abonentlərlə problem yoxdur. Su məhdudiyyəti yoxdur”.

“Mənzillərin su təchizatı dayandırılıb”.

Bu sözləri isə öz növbəsində Oxu.Az-a açıqlamasında Yasamalda magistral su xəttinin partladığı ərazidə yerləşən binanın sakini Ceyhun Şamanov deyib.

Onun sözlərinə görə, mənzillərə su verilmir:

“Binaların su nasosları yoxdur. Belə hadisə baş verəndə bu kimi fəsadlar üzə çıxır. Kanalizasiya xətti yaxşı deyil. Qarajlarda maşınlar suyun altındadır. Nasosların olmaması belə problemlərə gətirib çıxarır.

Su təchizatı dayandırılıb. Xəstələr, uşaqlar var. Qarajlarda suyun səviyyəsi 60 sm-ə qədərdir. Maraqlanan yoxdur”.

12:52

“İçəri daxil olmağa icazə verilmir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Yasamalda magistral su xəttinin partladığı ərazidə yerləşən obyektin sahibi deyib.

Onun sözlərinə görə, təxminən bir ay əvvəl burada qazıntı işləri aparılırmış:

“Obyektim sağlamlıq mərkəzi idi. Sığortası var. Amma aparatların ayrılıqda sığortası yoxdur. Hamısına ziyan dəyib”.

Bakıda magistral su xəttinin partlaması nəticəsində yol kənarında dayanan “Mercedes-Benz” markalı avtomobilə də ziyan dəyib.

Bununla bağlı Oxu.Az-a maşının sahibi Aydın Ağaverdiyevin dostu İbrahim Qasımov danışıb:

“Maşında problem olduğundan bir müddətdir ki, buradadır. Maşının sahibi olan dostum işdədir. Ona da bu xəbəri polislər deyiblər. Lakin heç kəs maşının son halı ilə maraqlanmayıb. Sığortası var. Lakin hələ bir xəbər yoxdur”.

11:32

“Bütün avadanlıqlar yararsız hala düşüb”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Yasamalda magistral su xəttinin partladığı ərazidə yerləşən fitnes mərkəzinin sahibi Mahmud Ələkbərov deyib.

Sahibkarın sözlərinə görə, sığorta şirkətinə müraciət etsə də, hələ ki maraqlanan yoxdur:

“Səhər saatlarında, 08:20-də zalda idim. Məndən başqa heç kəs yox idi. Suyun səsinə çölə çıxdım. Su binanın içinə doldu. Özümü itirdim. Ancaq özüm çıxa bildim. Heç nəyi xilas edə bilmədim. Təkcə qaçış aparatının qiyməti 10 000 manatdır. 200 000 manata yaxın ziyan dəyib”.

Sahibkar Mustafa Mirzəyev isə bildirib ki, ona məxsus iki obyekt yararsız hala düşüb.

Onun sözlərinə görə, sığorta şirkətindən hələ ki heç bir xəbər yoxdur:

“Hadisədən səhər saatlarında xəbərim oldu. Obyektlər suyun içində idi. Yuxarı tərəfdən boru partladığına görə bütün su bura axıb. Obyektlərimdən birində əl işi olan paltarlar var. Hamısı yararsız hala düşüb. Digər obyektim SPA mərkəzi idi. Oradakı avadanlıqlara da ciddi ziyan dəyib”.

11:14

“Bir neçə obyektə ziyan dəyib”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Yasamal Rayon Dövlət Yanğından Mühafizə hissəsinin rəisi polkovnik Rəşad Nəsirov deyib.

Onun sözlərinə görə, suyun çəkilməsi iki saata yekunlaşacaq:

“Qəza nəticəsində ətraf əraziləri su basıb. Suyun çəkilməsi davam edir. Suyun səviyyəsi 60 sm aşağı düşüb. Nə qədər obyektə ziyan dəydiyi məlum deyil. Proses iki saata yekunlaşacaq. Üç avtomobil cəlb olunub. Bir neçə obyektə ziyan dəyib”.

11:02

“Heç bir yerdə su təchizatı dayandırılmayıb”.

Bunu Oxu.Az-a açıqlamasında “Azərsu” ASC-nin operativ idarəetmə şöbəsinin rəisi Yaşar Bəşirov deyib.

Onun sözlərinə görə, gün ərzində suyun verilməsində heç bir çətinlik yaranmayacaq:

“Hadisə səhər saatlarında Əsəd Əhmədov küçəsində baş verib. Təbii qəza hadisəsidir. Qəza briqadaları cəlb olunub. Qəzanın aradan qaldırılması üçün tədbirlər görülür. Heç bir çətinlik yoxdur. Kifayət qədər su anbarımız var. Qəza magistral kəmərdə olub. Bu su kəmərindən əhali birbaşa istifadə etmir. Xətt 2010-cu ildə çəkilib. Suyun verilməsində heç bir çətinlik yoxdur. Kifayət qədər suyumuz var. Heç bir şikayət yoxdur”.

10:14

“Paytaxtın Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xəttinin partlaması ilə əlaqədar olaraq yolun hərəkət istiqamətinin çökməsi, həmin küçə və prospektin digər paralel küçə və prospektlərlə hərəkət istiqamətlərində yolların müvəqqəti məhdudlaşdırılması tərəfimizdən həyata keçirilib, hərəkətin tam bərpa olunması aidiyyəti qurumların rəyinə əsasən təmin olunacaq”.

Bunu Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

“Yol polisi əməkdaşları hazırda ərazidə xidmətlərini aparırlar ki, hərəkət normal şəkildə tənzimlənsin. Vətəndaşlarımızdan, xüsusilə sürücülərimizdən xahiş edirik ki, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə müvəqqəti hərəkət istiqamətlərinin dəyişdirilməsini nəzərə alaraq bu ərazidən istifadəni maksimum məhdudlaşdırsınlar”, - deyə o vurğulayıb.

09:58

Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda partlayan magistral su xətti ilə bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, ərazidə qurumun müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.

08:38

“Azərsu” ASC Yasamal rayonunda partlayan magistral su xətti ilə bağlı daha bir açıqlama yayıb.

Oxu.Az xəbər verir ki, qurumun mətbuat xidməti Anar Cəbrayıllının verdiyi məlumata görə, qəza bu gün səhər saatlarında “+ 52 Alatava” və  “+ 82 Qərb” mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində baş verib:

“Dərhal “+ 52 Alatava” su anbarında nasosların fəaliyyəti dayandırılıb. Hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnika cəlb olunub. Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək”.

08:21

Bakıda magistral su xətti partlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə redaksiyamıza ərazidə yaşayan vətəndaşlar tərəfindən məlumat verilib.

Hadisənin paytaxtın Yasamal rayonu ərazisində baş verdiyi deyilir. Əhaliyə içməli suyun verilişi dayandırılıb.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, hadisə Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində qeydə alınıb:

“Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xətti partlayıb. Qəza nəticəsində xəttə suyun verilişi dayandırılıb. Hazırda qəza briqadaları əraziyə cəlb olunub, əhaliyə suyun verilişi dayandırılıb. Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür”.

Görüntüləri təqdim edirik:
 

 

Daha çox foto burada: Photostock.az

Könül Cəfərli, Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri