Gündəlik həyatımızda daim izlənirik. Buna inansanız da, inanmasanız da belədir. Evdən küçəyə çıxdığımız anda yollarda, küçə və prospektlərdə hərəkət iştirakçısı qismində müşahidə altında oluruq. Bəzən deyirlər ki, necə olur ki, bir küçədə qəza baş verir və polis dərhal hadisə yerinə gəlir. Kimsə itkin düşür, dərhal son olaraq olduğu ərazi müəyyən edilir. Bütün bunlar məhz paytaxt küçələrində quraşdırılan müşahidə kameraları vasitəsi ilə müəyyən edilir.
Sürücülər bu kameralardan nə qədər narazılıq etsələr də, adından da göründüyü kimi bu kameralar bütün hərəkət iştirakçılarının təhlükəsizliyinin təmini və yollarda nəqliyyat vasitələrinin süni maneələrlə rastlaşmadan ünvan başına çatmasını tənzimləmək üçündür.
Oxu.Az-ın əməkdaşları bu dəfə sizi Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) və onun fəaliyyət istiqamətləri ilə tanış edəcəklər. İlbəil gözəlləşən, müasir meqapolisə çevrilən Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin daha mütərəqqi və davamlı texnologiyalara əsaslanaraq inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir.
Burada çalışan əməkdaşlar birbaşa paytaxt küçələrindəki vəziyyətə nəzarət edirlər. NİİM əməkdaşları monitorlar vasitəsi ilə mütəmadi olaraq müvafiq ərazilərdə xidmət aparan DYP əməkdaşları ilə rabitə əlaqəsinə çıxırlar. Belə ki, yollarda baş verən qəza, işıqforlarda yaranan nasazlıq, sürücülərin yolun hərəkət hissəsində dayanaraq tıxac yaratması, eləcə də pik saatlarda nəqliyyat axınının daha intensiv olduğu yerlər barədə məlumat verərək, DYP əməkdaşlarının da işini bir qədər asanlaşdırırlar.
Çəkiliş boyunca monitorlardan müşahidə etdiyimiz o oldu ki, paytaxtın Cavanşir körpüsü, Yusif Səfərov, Rəşid Behbudov, Füzuli küçələrində nəqliyyatın hərəkətində sıxlıqlar daha çox olur. Eyni zamanda günün ikinci yarısında Azadlıq prospekti, Koroğlu Rəhimov, Ağa Nemətulla, Zərifə Əliyeva istiqamətlərində də sıxlıqlar müşahidə edilir.
Tez-tez eşitdiyimiz giley-güzarlardan biri işıqforlara təyin edilən zamanın çox olmasıdır. Bəzən sürücülər düşünürlər ki, yollarda tıxacları yaradan amillərdən biri məhz budur. Bəs görəsən, bu doğrudur, yoxsa səbirsizlikdən irəli gələn arqumentlərdir?
İşıqforların tıxacların yaranmasında və ya əksinə tıxacların aradan qaldırılmasında nə qədər payı var?
Süni mane yaradaraq nəqliyyatın hərəkətini çətinləşdirən sürücülər barədə hansı tədbirlər görülür?
Bəs bu gün NİİM-ə görə paytaxtın hansı küçə və prospektlərində nəqliyyatın hərəkətinə mane olacaq nüanslar qalmaqdadır?
Bu və digər suallarımızı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəsmisi Rauf Mirqulamov cavablandırıb.
Onun sözlərinə görə, NİİM tərəfindən paytaxtın müxtəlif küçə və prospektlərinə quraşdırılan işıqforlar daim nəzarətdə saxlanılır:
“İşıqforlar tətbiq edilən vaxt planları mütəxəssislər tərəfindən hesablanır və həmin yolun nəqliyyat yükünə müvafiq formada təyin edilir. Bu vaxt planları daim nəzarətdə saxlanılır. Əgər hər hansı bir səbəbdən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq baş verirsə, bu zaman işıqforların vaxt rejiminə operativ qaydada zəruri dəyişikliklər etməklə sıxlığın aradan qaldırılması həyata keçirilir. Ümumiyyətlə, işıqforların idarə edilməsi məsələsi “Offset” və “Yaşıl dalğa” formasında icra edilə bilir. Bundan başqa nəzərə almaq lazımdır ki, bir küçə boyunca bir neçə işıqfor quraşdırılıb.
Sürücülər daha yaxşı bilirlər ki, bir prospektdə yaşıl işığa düşdünsə, ardıcıl olaraq digər iki işıqforda da yaşıl işığa düşəcək. Buna nəqliyyat sektorunda termin olaraq “Offset” rejimi deyilir. Bu rejim də NİİM tərəfindən tənzimlənir. “Yaşıl dalğa” rejimi isə bir küçə boyunca olan yol kəsişmələrində olan işıqforların hər birinə eyni anda yaşıl işığın tətbiq edilməsidir. Biz bu rejimləri daha çox mərkəzi küçə və prospektlərdə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə apardığımız müşahidələr əsasında tətbiq edirik. Sıxlıq görürüksə, “yaşıl dalğa” prinsipinin zəruriliyi ön plana gəlir və işıqforlara yaşıl işıq tətbiq etməklə nəqliyyat vasitələrinin hərəkət fasiləsizliyini təmin edərək intensiv hərəkət təşkil olunur”.
Paytaxtda ərazidən və istiqamətdən asılı olaraq ən uzun vaxt planı tətbiq edilən işıqforlar 90-180 saniyədir
NİİM rəsmisi deyir ki, paytaxtın əsas birləşdirici küçə və prospektlərində isə işıqforlarla bağlı vəziyyət bir qədər başqadır. Bu istiqamətdə tıxacda qalan oxucularımız varsa, onlar üçün maraqlı ola bilər deyə düşündük.
R.Mirqulamov deyir ki, nümunə üçün belə yollardan biri Üzeyir Hacıbəyli küçəsidir:
“Bura paytaxtın əsas birləşdirici nöqtələrindən biridir. Belə ki, Heydər Əliyev prospektindən və 8 Noyabr prospektindən gələn nəqliyyat vasitələri mərkəz istiqamətinə gələrkən Yusif Səfərov və Afiyəddin Cəlilov küçəsi ilə davam edir, oradan da əsas prospektə məhz Üzeyir Hacıbəyli küçəsi vasitəsi ilə çıxır. Dolayısı ilə Ü.Hacıbəyli istiqamətindən gələn nəqliyyat vasitələrinin sayı çox olduğu üçün bura daha çox və tez-tez “yaşıl dalğa” rejimi tətbiq edilir. Amma bu, o demək deyil ki, onunla kəsişən Kövkəb Səfərəliyeva, R.Zorge, Puşkin və digər küçələr unudulur. “Yaşıl dalğa” rejimi tətbiq edildikdən sonra digər küçələrə də zərurət olarsa, bu rejim tətbiq edilir ki, günün pik saatlarında nəqliyyat vasitələri yollarda çox qalmasın.
İşıqforların vaxt rejiminin yollarda tıxac yaradan amil olduğuna dair səsləndirilən fikirlərə qatılmıram. Mən özüm də hər gün həmin yollardan istifadə edərək işə gəlirəm və sadalanan sıxlıqlarla bəzən qarşılaşıram. Məsələn, Ü.Hacıbəyli küçəsində işıqfora 90-120 saniyə “yaşıl dalğa” rejimi tətbiq edilirsə, ona bitişik Kövkəb Səfərəliyeva küçəsinə 30-40 saniyə tətbiq edilir. Sürücülərin bir qismi işıqforda mühərriki söndürür, bir qisminin diqqət yayınır və s. işıqfor yaşıl yansa da, müxtəlif səbəblərdən gec hərəkət edirlər. Bu vaxt ərzində həmin yoldan nə qədər nəqliyyat vasitəsi keçə bilər təxmin etmək çətin deyil. Amma bir reallığı da qeyd etməliyəm ki, son zamanlarda həmin işıqforun vaxt planına edilən dəyişiklikdən sonra mən həmin küçə ilə hərəkət etdiyim zaman günün pik saatlarında belə iki-üç dəqiqədən çox həmin işıqforda qalmıram. Bunu xüsusilə vurğulamaq lazımdır. Ola bilər ki müəyyən sürücülər “yaşıl dalğa” rejimi tətbiq edildikdən sonra həmin küçə ilə kəsişən küçəyə daxil olublar. Bu zaman 100-120-180 saniyə onlara çox gələ bilər. Amma bu nisbidir.
Nəzərə almaq lazımdır ki, sözügedən küçələrdə yükgötürmə qabiliyyəti də eyni deyil. Məsələn, Ü.Hacıbəyli və ya A.Bakıxanov küçəsindən 1 saat ərzində təxminən 4000-dən çox nəqliyyat vasitəsi keçir desək, onunla kəsişən digər küçələrdən həmin sayda nəqliyyat vasitələri bir neçə saat ərzində keçir. Ona görə də bu kimi rejimlərin tətbiqi müşahidə əsasında baş verir və bu dünya təcrübəsində də belədir”.
Pik saatlarda paytaxt yollarında qeydə alınan tıxaclar barədə operativ məlumatlar hazırlanır və ictimaiyyətə çatdırılır. Hər birimiz bu məlumatlara görə yol xəritəmizi seçirik, bəs bu müşahidələr günün hansı saatlarında aparılır? Yalnız pik saatlarda izlənilir yoxsa günün bütün saatlarında?
NİİM rəsmisi deyir ki, paytaxt yollarının müşahidəsi 24 saat fasiləsiz olaraq aparılır və zəruri qeydlər götürülür:
“Əsas və mərkəzi küçələrdə səhər, günorta və axşam saatlarında müşahidələr aparılır. Xüsusilə nahar fasiləsi ərəfəsində, insanların səhər işə gələrkən və axşam işdən çıxarkən müşahidə edilən axını səbəbindən yollarda sıxlıq yaranır. Bəzən 5-10-20 nəqliyyat vasitəsinin ard-arda dayanmasını görəndə hamı deyir o küçədə tıxac var. Tıxac və sıxlıq fərqli anlayışlardır. Paytaxt küçələrində müşahidə edilən vəziyyət sıxlıqdır, tıxac deyil. Çünki aşağı sürətlə belə olsa, nəqliyyat vasitələrinin hərəkəti müşahidə edilir. Tıxac olduğunda isə avtomobillər tamamilə hərəkətsiz olur. Eyni zamanda yolda nasaz nəqliyyat vasitəsi olarsa, sürücülər dayanma-durma qaydalarını pozaraq avtomobillərini yolun hərəkət istiqamətində saxlayarlarsa, bu zaman qeydlər götürülür və aidiyyəti üzrə tərəfimizdən DYP əməkdaşlarına bildirilir. Eyni zamanda bizim müşahidə otaqlarımızda DYP əməkdaşları özləri də birbaşa iştirak edə və nəqliyyatın hərəkətini tənzimlənməsinə xidmətə köməklik göstərirlər”.
Kameralar vasitəsi ilə nasaz nəqliyyat vasitəsi gördükdə dərhal yol polisinə deyilmir
Tez-tez sürücü və sərnişin arasında yaranan dialoqlardan biri də ünvan başına çatanda avtomobili saxlamaqla bağlı olur. Sərnişin deyir burada düşməliyəm, sürücü deyir “olmaz, kamera çəkir”. Bu “kamera çəkir” fikrinə də cavab almağa çalışdıq. Doğurdanmı yolda dayanan maşın gördükdə dərhal bu barədə yol polisinə məlumat verilir?
R.Mirqulamov deyir ki, bu məsələ situasiyadan asılı olaraq dəyişir:
“Yollarda sıxlığın yaranmasının əsas səbəblərindən biri dayanma-durma qaydalarının pozulmasıdır. Müşahidə kameraları vasitəsi ilə bu və digər hallarda vəziyyətə nəzarət edilir. Bir neçə dəqiqə ərzində yolun hərəkəti hissəsində dayanan və ya nəqliyyat vasitəsini dayanma-durma qadağan olunan yerdə saxlayan sürücülər izlənilir. Əgər bu müddət ərzində yaranan problem aradan qalxmırsa, bu barədə DYP əməkdaşlarına müraciət edilir ki, həmin yolda hərəkətin tənzimlənməsi üçün əraziyə getsinlər. Çünki DYP əməkdaşları ərazi üzrə xidmət aparırlar, hər dayanan avtomobilə görə onları da apardıqları xidmətdən ayırmaq və ya məşğul etmək doğru olmaz. Odur ki, kameralar vasitəsi ilə hər dayanan nəqliyyat vasitəsini deyil, digər hərəkət iştirakçılarına təhlükə, maneə yaradan avtomobillər barəsində ərazidə xidmət aparan yol polislərinə ora yaxınlaşmaq üçün məlumat verilir”.
Yollarda səlahiyyətiniz çərçivəsində tez-tez müşahidə edilən nöqsanlar hansılardır? Bu gün NİİM-ə görə paytaxtın hansı küçə və prospektlərində nəqliyyatın hərəkətinə mane olacaq nüanslar qalmaqdadır?
“Əsas sürət həddinin aşılması, digər bir səbəb isə nəqliyyat vasitəsində yaranan nasazlıq. Tez-tez rastlaşdığımız məsələ yanacağın bitməsidir. Əslində bütün nəqliyyat vasitələri ortalama olaraq eyni qaydada nəqliyyat vasitəsinin yanacaq sərfiyyatı və qalan yanacaqla bağlı cihazlar panelində müvafiq məlumat əks olunur. Həmin siqnaldan sonra əksər nəqliyyat vasitələri ən azı ortalama olaraq 5-7 km məsafə qət edə bilir. Avtomobili yol kənarında qoyub yanacaq almağa gedirlər. Təsəvvür edirsiniz? Bəzən bu dar küçələrdə baş verəndə qəzalar da qaçılmaz olur. Ensiz küçələrdir. Bir nəqliyyat vasitəsinin belə yollarda qalması hərəkəti iflic edə bilir. Xüsusilə də ictimai nəqliyyat vasitələrinin hərəkətinə mənfi təsir edir və gecikmələrə səbəb ola bilir.
Sadəcə olaraq bəzi sürücülərimiz bu kimi məsələyə laqeyd və məsuliyyətsiz yanaşırlar. Bir fikir var - “bu maşın məni yolda qoyacaq”, - deyirlər. Bəs sizi yolda qoyacaq maşınla niyə yola çıxırsınız və digər hərəkət iştirakçılarının mənzil başına çatmasını gecikdirəcək süni maneələr yaradırsınız? Bir nəqliyyat vasitəsinin xarab olub yolda qalması, onun yolun hərəkət hissəsindən çıxarılması və ya əraziyə evakuatorun cəlb edilməsinə gərəkən zamanı nəzərə alsaq həmin küçədə, əlbəttə ki, slıxlıq yaranacaq. Bu səbəbdən də xahiş edirik ki, avtomobillərin texniki cəhətdən saz vəziyyətdə olmasına daim diqqət edin.
Bu barədə biz media vasitəsilə, radio və televiziyalar vasitəsilə sürücülərə müraciət edirik. Bu barədə maarifləndirici, təbliğat xarakterli məlumatlar paylaşırıq. Dünya təcrübəsində də sürücülərin məsuliyyətsizliyi səbəbindən bu cür hallar baş verdikdə qanunvericiliklə məsuliyyət yaranır”.
Tbilisi prospektinin Azər Əliyev küçəsi ilə kəsişməsində məcburi sağa dönmə ləğv edilib
NİİM tərəfindən paytaxtın Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində monitorinq aparılıb və nəqliyyatın hərəkətində dəyişiklik edilib. Bu barədə də NİİM rəsmisi özü məlumat verib:
“Sözügedən Tbilisi prospektinin və Azər Əliyev küçəsinin kəsişməsində sağ zolaq yalnız sağa dönməyə icazə verirdi. İşıqforunda bir seksiyası yalnız sağa dönənlər üçün daim açıq idi. Müşahidə və monitorinq nəticəsində müəyyən olundu ki buradan sağa dönən nəqliyyat vasitələrinin sayı çox azdır. Sürücülər qayda pozmamaq üçün məcburi sol zolağa keçirlər, sağ zolaq da boş qalır. Təklif hazırladıq, aidiyyəti üzrə yönləndirdik. Təklifimiz qəbul edildi və icrasını həyata keçirdik. Hazırda həmin küçələrin kəsişməsində işıqforun daimi sağa yanan seksiyası ləğv edilib. Məcburi sağa dönmə nişanı isə düzünə və sağa nişanı ilə əvəz edilib. Bu da o yolda yaranan sıxlığa müəyyən qədər kömək edilir. Digər təkliflər də bu cür müşahidə əsasında hazırlanır”.
Yollarda təhlükəsiz hərəkət etmək və ünvan başına çatmaq üçün hər kəsin qaydalara riayət etməsi kifayətdir. Qaydalara əməl edən heç bir hərəkət iştirakçısı üçün kameranın, radarın harada quraşdırılması, polis əməkdaşlarının harada xidmət aparması önəmli olmamalıdır.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
Rəylər