Azad Mirzəcanzadə İnkişaf Proqramının ikinci mərhələsinə seçilən iştirakçılarla görüş keçirilib.
“JW Marriott” hotelində keçirilən tədbirdə Azad Mirzəcanzadə İnkişaf Proqramının koordinatoru Leyla Seyidzadə və Regional İnkişaf İctimai Birliyinin nümayəndəsi Təbriz Rzayev açılış nitqi ilə çıxış ediblər, layihə çərçivəsində görüşən işlərdən danışıblar. Çıxışlarda bildirilib ki, 41 nəfər layihənin birinci mərhələsini uğurla tamamlayaraq ikinci mərhələdə iştirak hüququ qazanıb.
Tədbir SOCAR-ın hasilat əməliyyatları seqmentinin vitse-prezidentinin müavini Anar Əliyev, tibb elmləri üzrə fəlsəfə doktoru, oftalmoloq Lalə Axundova, “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, Baş Əməliyyat inzibatçısı Cəlal Orucov, ADNSU-da İctimaiyyətlə əlaqələr və marketinq departamentinin tərkibində fəaliyyət göstərən Təcrübə bölməsinin müdiri Azad Mirzəcanzadə proqramın məzunu Səbinə Əliyeva, “Uğur Yolu” şirkətinin təsisçisi Vüqar Sadiq və proqramın məzunu Leyla Seyidzadənin layihələrin idarə edilməsi, cəmiyyətdə etik normaların vacibliyi və digər mövzularda etdiyi çıxışlar, həmçinin panel müzakirələrlə davam edib.
Görüş zamanı Regional İnkişaf İctimai Birliyinin könüllüləri tərəfindən iştirakçılar üçün “ice-breaking” komanda oyunu da keçirilib.
Layihənin növbəti mərhələsində mentorlarla sessiyalar, görüşlər və seçilmiş mövzular üzrə təlimlərin keçirilməsi, sonda qalib olan layihələrin icrası üçün maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.
Xatırladaq ki, Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən Azad Mirzəcanzadə İnkişaf Proqramı yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və onların inkişafına dəstək verilməsi məqsədi daşıyır.
Hazırda proqrama müraciətlərin qəbulu davam edir. Qoşulmaq istəyən 18-35 yaşlarında hər bir Azərbaycan vətəndaşı link vasitəsilə qeydiyyatdan keçə bilər.
Rəylər