Mar
2024
16:12
224
18
2902
Virtual karabakh

Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verib - YENİLƏNİB + VİDEO

3 Mar, 2024
16:12
2902

Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahan 30 şəhər və rayonda təşkil olunub. İmtahanda 52 267 şagirdin iştirakı nəzərdə tutulurdu.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 222 imtahan binası, 3 941 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 222 ümumi imtahan rəhbəri, 610 imtahan rəhbəri, 4 899 nəzarətçi, 676 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 222 bina nümayəndəsi ayrılıb.

Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib.

Bu gün Ağdərə rayon Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib. Bu Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan Ağdərə rayonunda təşkil etdiyi ilk imtahan idi.

İmtahanda ümumilikdə 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb.

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə fərdi nəzarətçilər təyin edilib.

İlkin məlumatlara əsasən, iki nəfərdə mobil telefon, bir nəfərdə isə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olublar.

Martın 4-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın dörd həftə ərzində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, buraxılış imtahanlarında ilk dəfə olaraq imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları da imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə buradan tanış ola bilərlər.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) isə DİM-in internet saytına keçid edərək əldə edə bilərlər. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

09:20

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün buraxılış imtahanı keçirəcək.

Bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahan Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Gəncə - 1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabran rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə baş tutacaq.

Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsi ilə həyata keçiriləcək.

İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 222 imtahan binası, 3 941 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 222 ümumi imtahan rəhbəri, 610 imtahan rəhbəri, 4 899 nəzarətçi, 676 buraxılışı rejimi əməkdaşı (mühafizə), 222 bina nümayəndəsi ayrılıb.

Martın 3-də keçiriləcək imtahanda 52 267 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri