Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azad Əsgərov: Xamis Məmmədov vaxtilə Həbibi udmuşdu - MÜSAHİBƏ
Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti, sabiq dünya çempionumuz Azad Əsgərovun Oxu.Az saytına müsahibəsi:
– Həbib Nurməhəmmədov – Konor Makqreqor görüşünü, yəqin ki, izlədiniz. Azərbaycanda çox ajiotaj yaratdı. Həmin döyüşdə kimin qalib gəlməsini istəyirdiniz?
– Əlbəttə ki, Həbibin. O, bizim qonağımız olub, müsəlmandır. Bizə yaxındır, tanıdığımızdır, qonşu Dağıstandandır. Əlbəttə ki, ona dəstək olardıq. Düzdür, kimsə nəsə deyə bilər, kimsə onu istəməyə bilər. Belə baxanda, iki idmançıdan birinə maraq oyanır. Bəzilərində paxıllıq olur, heç birini istəmir, statuslar yazır.
– Döyüşdən sonrakı hadisələr bir az mənfi çalarlara gətirib çıxardı...
– İdmandır. Biri istiqanlı olur, biri digərinə şillə ata bilər. Bunlar bir günün içində olmur. İllərlə o söhbətlər getdiyinə görə insanlarda yığılır və birdən partlayır. Necə ki şarı şişirdirsən, bir müddətdən sonra partlayır, bu da elə bir şeydir. Həbib səbrini qorudu, o döyüşü gözləyirdi ki, cavab versin. Makqreqor udsaydı, o da orada başqa bir şey edəcəkdi.
– Siz Həbibi buraya dəvət etmişdiniz. Gələcəkdə yenə UFC məşhurlarından kimisə dəvət etmək planda var?
– Oleq Taktarovu dəvət etmək istəyirdik, onunla yaxınıq, zəngləşirik. İstəyirdik ki, Azərbaycana gəlib bura ilə tanış olsun. Sadəcə, başı bir az kinoya qarışmışdı. Dəvət üçün məndən cavab gözləyirdi. Amma elə oldu ki, dəvət etmədik. Biz onu iki-üç il əvvəl planlaşdırmışdıq. Bu yaxınlarda da danışdım. Söhbəti elə saxladıq ki, zaman keçir də, yeniliklər başqa olur. Bundan başqa, 2015-ci ildə Cef Monsonu bizim tələbə ilə vuruşmaq üçün dəvət etmişdik.
– UFC-də iştirak etmək üçün hansı şərtlər irəli sürülür? Çünki Azərbaycanda da bu idman növünə maraq var...
– Bizdə hər bir şeyə maraq var. Məsələn, siz jurnalistsiniz. Dünyadakı jurnalistlərdən heç də zəif deyilsiniz. Sadəcə, tanınmağınız üçün ya menecer lazımdır ki, o səviyyədə tanışlıqla gedib dünyanın məşhur nəşrlərindən birində işə düzələsiniz. Oraya getmək üçün nəsə bir yol lazımdır. UFC daha çox şou xarakterində olduğuna görə, oranın da öz yolları var.
Dünyada milyonlarla idmançı var, amma orada iştirak etmirlər. Hər adamı qəbul etməyəcəklər ki. Hər keçəni götürsələr, orada partlayış olar. Adicə bir universitetə girmək üçün yaxşı oxumalısan. Orada da elədir. Hər adam UFC-yə düşə bilmir. Oraya düşmək üçün böyük menecer lazımdır. Həm də gərək gedib ABŞ-da bir az yaşayasan ki, buradakı döyüşlərini orada göstərəsən.
– Rusiya qonşumuzdur. Onların vasitəsilə o bazara düşə bilmərik?
– Yox, rusların da hamısı oraya düşmür axı. Ruslarda o qədər idmançılar var ki. Amma o boyda Rusiyadan cəmi beş nəfər ora düşübsə, Azərbaycandan kiminsə ora düşmək şansı azdır. Döyüşlərin keçirildiyi ABŞ-la yaxın olmaq lazımdır. Rusların ora ilə əlaqəsi var. Bizim də əlaqəmizin olması üçün balansımız olmalıdır, idmançılar aylarla orada məşq etməlidirlər ki, orada onları görüb qəbul etsinlər.
– Oraya düşmək üçün təxminən nə qədər pul lazımdır?
– İlk növbədə, ABŞ-dakı ara yarışlarda iştirak etmək üçün yarışlar ərəfəsində orada 1-2 ay qalmaq lazımdır. Məsələn, may ayında yarış olacaq, maya bir ay qalmış ora gedib məşqini edirsən və onlar səni görürlər. Üstəlik, deyirsən ki, təsadüfən əvvəlki yarışlarda qalib olmamışam. Bundan əvvəl on döyüşüm olub, onunu da udmuşam, üstünə bal gəlir. Yəni, bir var təsadüfən udursan orada birini, bir də var ki, ondan əvvəl idmançı olduğunu təsdiq edirsən.
Sonra da orada bir az reytinqin olur, o yarışdan səs qazanıb düşə bilirsən. Yoxsa buradan oraya yüzlərlə insan məktub yaza bilər, ona kimdir baxan? Əsas odur ki, kimi udmuşam, kimlərlə vuruşuram, hansı səviyyədəyəm. Bəlkə, məhəllə yoldaşıma qalib gəlmişəm?
– Tutaq ki, pulumuz var. Bəs bizdə o səviyyədə döyüşə biləcək idmançı var?
– Mən zalda hamıya bir sual verirəm. Deyirəm ki, siz nəyə görə həvəsdən düşürsünüz? Dünyanın ən güclü adamının neçə qolu var, neçə gözü, neçə başı var? Sən evdə yatacaqsansa, necə güclü olacaqsan? Məşq etməlisən, sən buna layiqsən. Onlar da sənin kimi insandırlar da. Məşq etməlisən ki, inkişaf olsun. Hər ağacın öz meyvəsi, barı var.
Bu gün onun barı var, sabah da sənin barın olacaq. Bizim, əlbəttə, güclü idmançılarımız var. Baxmayaraq ki, federasiyanın rəhbəriyəm, zallarda oluram, dəfələrlə turnirlər keçirirəm. Burada beynəlxalq yarışlar keçirmişəm, bilirəm ki, hansı səviyyədə idmançılar var. Məsələn, Xamis Məmmədov vaxtilə döyüş sambosunda Həbibi udmuşdu.
Monsonla Teymur Mehdiyevi döyüşdürmüşdüm və Teymurun ona qalib gələcəyinə inanırdım. İndi Teymur işi olmayanda məşqə gəlir...
– Bayaq qeyd etdiniz ki, idmançılar məşqlərdə olmalıdır, menecerlər onları tanımalıdır. O baxımdan, Zabit Səmədov həm Rusiya idmanında məşhurdur, həm Azərbaycanda, həm də nisbətən dünyada. Bu baxımdan götürsək, Zabit Səmədovun UFC-də çıxış etmək imkanı olarsa, menecerlərin diqqət mərkəzində ola bilərmi?
– O, oraya düşə bilər. Ancaq Zabit oraya çıxmaz axı. Çünki onun güləşi zəifdir, bilir ki, orada uduzar. Uzağa niyə gedirsən, 15-17 il bundan qabaq 36 yaşadək döyüşmüşəm. Mənim vaxtımda çəkməyə heç normal telefon yox idi deyə döyüşlərimin çoxu itib-batdı. Bəziləri ağ-qara çəkilişdə qalıb. Yəni, işimin hamısı idman olub, ömür boyu idmanda olmuşam. Mənim kimi o qədər belə adamlar var ki.
Rusiyada başlamışam, yeddi il Yaponiyada vuruşmuşam. Yəni, Həbib də sənin kimi, mənim kimi oğlandır. Onda qeyri-adi bir şey görmürəm. Onu çox şişirdirlər. Mənim heç vaxt reklamım olmayıb. Onun 1/3 hissəsi qədər reklamım olsaydı, mənə də deyəcəkdilər ki, bir milyon veririk, döyüş orada. İndi hərə bir video çəkir, “Instagram”a yükləyir, milyonlarla adam görür, onlardan da 300-ü diqqətlə baxır.
Mənim vaxtımda bunlar yox idi axı. Gələn illərdə nələr olacağını bilmirik. Bəlkə də, peykdən çəkib göstərəcəklər. Yəni, desəm, pis çıxır, deməsəm də, olmur. Əvvəllər Şövkət Ələkbərova vardı, ağ-qara ekranda ifa edirdi, indi isə dünənki oğlan gəlib ondan daha çox məşhur olur. Yəni, indiki zəmanədə çox şey texnologiya əsasında olur.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər