Marneulidə taekvondo idman növü üzrə idmançılar hazırlayan azərbaycanlı müəllim Faiq Məmmədov Gürcüstan kikboks və karate federasiyasının prezidenti təyin olunub.
Bununla bağlı Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
F.Məmmədov bildirib ki, rəsmi şəkildə yaratdığı, hazırda konfederasiyanın tərkibində qeydiyyatda olan Sayokan federasiyasının fəaliyyəti Gürcüstan kikboks və karate konfederasiyasının rəhbərliyi tərəfindən bəyənilir. Bu təklifi şəxsən konfederasiyanın prezidenti Kaxa Beselia irəli sürüb.
Faiq Məmmədov gələcək planlardan danışarkən deyib ki, yaxın vaxtlarda yerli səviyyədə idman yarışları keçirməyi düşünürlər:
“Öncə Marneuli, Kvemo-Kartli və Gürcüstan üzrə, daha sonra isə beynəlxalq yarışlar təşkil etməyə çalışacağıq. İnanıram ki, təcrübəmizdən yararlanıb uğurlu addımlar atacağıq”, - deyə vurğulayıb.
Qeyd edək ki, 12 yaşından karate, sonra isə taekvando idman növü ilə məşğul olan Faiq Məmmədov 22 illik müəllimlik təcrübəsinə malikdir. İndiyə qədər hazırladığı idmançılardan onlarla Gürcüstan, dördü dünya, biri Avropa çempionu olub.
“Bizim üzərimizə böyük məsuliyyət düşür. Biz ölkədə Marneulinin, ölkədən kənarda isə Gürcüstanımızın adını doğrulduruq”, - deyə soydaşımız əlavə edib.
Rəylər