Braziliyalı futbolçu Vaqner Lav Moskvanın "VEB Arena" stadionunda keçirilən və "ÇŞKA əfsanələri" ilə "Vaqner Lavın dostları" komandalarının qarşılaşdığı vida matçında iki qol vurub.
Oxu.Az xəbər verir ki, görüş 3:3 hesabı ilə başa çatıb. Vaqner birinci hissəni "Vaqner Lavın dostları" komandasının, ikinci hissəni isə "ÇSKA əfsanələri"nin heyətində keçirib və matçın hər hissəsində bir dəfə fərqlənib.
Braziliyalı futbolçunun dostlarından ibarət komandanın heyətində Vaqner Lavın oğlu Lovinyo və penaltini dəqiq yerinə yetirən Daniel Karvalyo da qol vurublar. "ÇSKA əfsanələri"nin heyətində isə Rolan Qusev və Kirill Nababkin fərqləniblər. "Vaqner Lavın dostları" komandasının baş məşqçisi Leonid Slutski, "ÇSKA əfsanələri"nin baş məşqçisi isə Valeri Qazzayev olub.
Vaqner Lavın 42 yaşı var. O, 2004-2012-ci illərdə və 2013-cü ildə ÇSKA-nın formasını geyinib. Hücumçu Moskva klubunun heyətində 259 oyun keçirib, 124 qol vurub və 53 məhsuldar ötürmə edib. O, üç dəfə Rusiya çempionu olub, altı dəfə ölkə kubokunu qazanıb. 2005-ci ildə Vaqner Lav ÇSKA-nın heyətində UEFA Kubokunun qalibi olub. Braziliyalı futbolçu ÇSKA tarixinin ən yaxşı bombardirləri siyahısında ikinci yeri tutur. O, yalnız 137 qol vuran Qriqori Fedotovdan geri qalır.
Hücumçu karyerası ərzində, həmçinin Braziliyanın "Palmeyras", "Flamenqo", "Korintians", "Avai", Türkiyənin "Alanyaspor" və "Beşiktaş", Danimarkanın "Midtyullann", Fransanın "Monako", Qazaxıstanın "Kayrat" və Çinin "Şandun Lunen" klublarında çıxış edib. Vaqner Lav "Korintians"la 2015-ci ildə Braziliya çempionu olub, "Kayrat"la isə 2020-ci ildə Qazaxıstan çempionluğunu və 2021-ci ildə ölkə kubokunu qazanıb. O, Braziliya millisinin heyətində 20 oyun keçirib, dörd qol vurub və dörd məhsuldar ötürmə edib.