Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan futbolunun “Yenilməz Armada”sı - “Kəpəz” necə məğlubiyyətsiz çempion oldu? - FOTO
“Qarabağ” Azərbaycan Premyer Liqasının XXX turunda “Sabah”a uduzmaqla (1:2) məğlubiyyətsiz çempion olmaq şansını əldən verib.
Oxu.Az xatırladır ki, komandanın baş məşqçisi Qurban Qurbanov qısa müddət əvvəl açıqlamasında qızıl medalları yenilmədən qazanmağı istədiyini bildirib. Lakin çempionatda 538 gün və ya 49 oyun sonra “Sabah”a məğlubiyyət bu arzunu azı bir mövsümlük də təxirə salıb.
Beləliklə, Azərbaycan futbolunun yeganə məğlubiyyətsiz çempionu hələ də “Kəpəz”dir. Bu, uzaq 1997/98 mövsümünə təsadüf edib.
Əvvəlki əzəmətindən əsər qalmayan Gəncə klubu indiyə qədər üç dəfə ölkənin ən güclüsü adını qazanıb. Bunlardan birincisi 1994/95 mövsümünə təsadüf edib. Komanda 1997/98 və 1998/99 mövsümlərində ardıcıl nailiyyətlər əldə edib. 1997/1998 sezonunda “sarı-göylər” (həmin vaxt komanda daha çox ağ-göy və ağ-yaşıl formalarda çıxış edirdi - red.) həm də ölkə kubokunun sahibi olub. Həmin vaxt komanda iki turnirin heç birində məğlubiyyət üzü görməyib.
Ümumilikdə 28 matçda uduzmayan “Kəpəz” çempionatda bu seriyaya görə uzun illər əlçatmaz olub. Yalnız 2018-2019-cu illərdə “Qarabağ” sayı 31-ə çatdıra bilib. Bu il isə Ağdam klubu məğlubiyyətsiz oyunlar seriyasını 49-a qədər yüksəltməyi bacarıb.
Yüksək Dəstənin 1997/98 mövsümü 15 komandanın iştirakı ilə başlayıb. Ancaq çempionatın gedişində Buzovnanın “Xəzri” klubu çıxışını dayandırıb və nəticələri ləğv olunub. Beləliklə, mövsüm 26 turdan ibarət olub. “Kəpəz” 26 oyunun 22-də qələbə qazanıb və dörd görüşdə heç-heçə edib. Yekunda 70 xal toplayan komanda hamını üstələyib. Hamıdan çox 67 qol vuran gəncəlilər “Şəmkir”lə eyni qədər - 10 top buraxıblar.
“Kəpəz” mövsüm ərzində bir neçə böyük hesablı qələbə əldə edib. Komanda müsabiqədənkənar yarışan Azərbaycan U-18 millisini 6:0, “Viləş”i 6:1, OİK-i 5:0 yenməyi bacarıb.
Çempion “Kəpəz”in bombardiri indi adı daha çox “Napoli”nin ulduzu Xviça Kvaratsxeliyanın atası kimi çəkilən Badri Kvaratsxeliya olub. Azərbaycan millisində də oynamış gürcü 22 matçda 20 dəfə rəqib qapılarının torunu silkələməyi bacarıb. Mövsümü OİK və “Kəpəz”də keçirmiş Ceyhun Tanrıverdiyev isə çempionatı 8 qolla başa vurub (17 matç).
Həmin mövsüm Azərbaycan Kubokunda “Kəpəz” keçirdiyi 7 matçın 6-da qələbə qazanıb. Finalda “Qarabağ”ı iki cavabsız qolla üstələyən Nizami Yurdu təmsilçisi titula yiyələnib.
Beləliklə, iki turnirdə 28 qələbə qazanıb, 5 heç-heçə edən “Kəpəz” “qızıl dubl”a imza atıb. Sonradan bu uğuruna görə kluba “Yenilməz Armada” ləqəbi verilib.
Məğlubedilməz “Kəpəz”in prezidenti mərhum Rza Məmmədov olub. O dövr üçün kluba ciddi maliyyə yatıran R.Məmmədov bir çox tanınmış futbolçunu komandaya cəlb etməyi bacarıb. Komandanın baş məşqçisi isə hazırda “Kəpəz”də idman direktoru kimi fəaliyyət göstərən Mehman Allahverdiyev olub.
“Kəpəz”in heyətinə gəlincə, burada bir çox məşhur ada rast gəlmək mümkündür. Komandanın qapısını Hüseyn Məhəmmədov qoruyub. Meydan oyunçuları kimi Dmitri Smirnov, Mahmud Qurbanov, Füzuli Allahverdiyev, Xaliq Mərdanov, Faiq Cabbarov, Ceyhun Tanrıverdiyev, Azər Məmmədov, Badri Kvaratsxeliya, İlham Məmmədov, Vyaveçlav Lıçkin kimi tanınmış adlar komandanın uğurlarında pay sahibi olublar.
“Kəpəz”in məğlubiyyətsiz çempionluğunun memarı - baş məşqçi Mehman Allahverdiyev deyir ki, tarixi nəticə göstərsələr də, bunun digər klublar tərəfindən təkrarlanmasını da istəyirlər:
“O vaxt biz həm çempion olduq, həm də ölkə kubokunu qazandıq. Ən əsası, heç birində məğlubiyyətlə üzləşmədən tarix yazdıq. “Kəpəz” yeganə komandadır ki, bu uğuru əldə edib. Ancaq mən arzu edərdim ki, digər klublarımız da bunu bacarsın. Çünki belə məqamlar diqqət çəkir. Xarici ölkələrdən də baxıb görərdilər ki, Azərbaycanda bu cür komandalar var”.
Həmsöhbətimizin sözlərinə görə, həmin mövsüm heç bir matçda uduzmasalar da, asan qələbələr də əldə etməyiblər:
“Rəqiblər müqavimət göstərirdilər. Əlbəttə, bəzi matçları böyük hesabla qazanmışıq. Amma indi olduğu kimi, o vaxt da asan qələbə qazanmaq mümkün olmurdu. Sadəcə, komandamızın heyəti çox güclü idi. Hüseyn Məhəmmədov, Faiq Cabbarov, Mahmud Qurbanov, Xaliq Mərdanov, Badri Kvaratsxeliya, Vyaçeslav Lıçkin, Ceyhun Tanrıverdiyev kimi lider oyunçulara sahib idik”.
“Kəpəz”in məğlubiyyətsiz çempionluğu barədə danışılarkən xüsusən digər komandaların azarkeşləri həmin zaman Gəncədə rəqib oyunçulara, hakimlərə ciddi təzyiqlər olduğunu iddia edirlər. Mehman Allahverdiyev isə Gəncə şəhər stadionunun tuneli ilə bağlı artıq əfsanələşmiş fikirlərin həqiqətə uyğun olmadığını bildirir:
“Boş söhbətlərdir. Hakimlərə nə təzyiqlər edirdik ki? Deyirlər ki, o vaxt stadionun tunelində Gəncəyə gələn komandaları döyürdülər. Bu, SSRİ vaxtında olub. Bir də “Turan” çempion olan mövsüm (1993/1994 mövsümü - red.) tuneldə dava baş verib. Elə ondan yapışıblar ki, Gəncəyə gedənləri döyürdülər. Bu fikirlər həqiqəti əks etdirmir. Bilirsiniz, indi hakimlik etmək daha asandır. O dövrlərdə ümumən vəziyyət fərqli idi. Ancaq “Kəpəz”in hakimlərə, rəqib komandalara təzyiqlər etməsi mənasız söhbətlərdir”.
“Kəpəz”in idman direktoru hesab edir ki, yenidən həmin uğurları əldə etmək olar, ancaq bunun üçün yaxşı maliyyə lazımdır:
“İnşallah, gələcəkdə komanda yenidən həmin nailiyyətləri təkrarlayar. Bunun üçün kluba yaxşı sponsorlar lazımdır. Digər Premyer Liqa iştirakçılarının dövlətin ayırdığı üç milyon manat dəstəkdən əlavə maliyyə mənbələri də var. Bizim isə heç bir sponsorumuz yoxdur. Pul olmalıdır ki, lazımi oyunçular gətirəsən, komandaya baxasan. Bizdə olan vəsaitlə keyfiyyətli futbolçular cəlb etmək çətindir. Həmin mövsüm nə qədər yaxşı oyunçular gətirmişdik. Badri Kvaratsxeliya, Dmitri Smirnov, Murat Qomleşko kimi o vaxtın səviyyəsinə görə güclü oyunçular transfer etmişdik”.
“Məğlubedilməz Armada” indi heç də tarixinin ən yaxşı günlərini yaşamır. Düzdür, “Kəpəz” bir neçə il sonra Premyer Liqaya qayıtdı, ancaq hazırda çempionatın 7-ci pilləsindədir və son turlara qədər I Diviziona düşməyə əsas namizədlərdən hesab olunurdu. Problem tək idman nəticələri ilə bağlı deyil. Gəncə şəhər stadionu qəzalı vəziyyətdədir. Bu səbəbdən mövsümün əvvəlini orada keçirə bilməyən komanda indi də başqa problem - ot örtüyünün bərbad vəziyyətinə görə “didərgin” düşüb. “Azərbaycan futbolunun Məkkə”si çoxdan bu adını itirib, “Yenilməz Armada” ləqəbindən isə uzaq düşüb...
Faiq Tahirov
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
Rəylər