“ABC News”un verdiyi xəbərə görə, ABŞ-ın Florida ştatında “Metyu” qasırğası ilə əlaqədər olaraq 2500 aviareys təxirə salınıb. Bildirilir ki, qaydaya əsasən, hava limanları küləyin sürəti saatda 50 kilometrə çatdığı halda, uçuş-enmə zolağı bağlanır.
Meteoroloji proqnozlara əsasən, Florida ştatında qasırğa ilə əlaqədar küləyin sürəti 3 dəfə artacaq. Bununla əlaqədar şirkətlər uçuşları dayandırıb. Təyyarələr artıq təhlükəsiz regionlara daşınıb.
Lakin heyət sutkalıq iş rejimində işləyəcək. Məhdudiyyət oktyabrın 8-dək qüvvədə qalacaq. Həmçinin yaxınlaşmaqda olan qasırğa ilə əlaqədar Florida ştatının rəhbərliyi əhalini nisbətən təhlükəsiz yerlərə evakuasiya edildiyini bildirib.
Oxu.Az xəbər verir ki, Fins.Az məsələ ilə əlaqədar “Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski ilə əlaqə saxlayıb.
Onun sözlərinə görə, Bakıdan yalnız Nyu-Yorka aviareyslər olduğundan Florida ştatında baş verən qasırğanın Azərbaycandan ABŞ-a uçan reyslərə təsiri olmayıb.
Qeyd edək ki, Nyu-Yorka aviareyslər həftənin 1, 2 və 6-cı günləri uçur. Son təyyarə reysi isə bu gün səhər saat 05:00-da baş tutub.
U.A.
www.oxu.az