"Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk 4 ayında Azərbaycana 658.5 min turist gəlib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10.5 faiz azalma deməkdir".
Oxu.Az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Deputat bildirib ki, Azərbaycana gələn turistlərin sayının azalmasının bir sıra obyektiv səbəbləri olsa da ənənəvi faktorlar da qalmaqdadır:
"Belə ki, ölkəyə gələn turistlərin mənşə ölkə strukturundakı çağırışlar ümumi gələnlərin sayına təsir göstərir. Doğrudur, hələ də Azərbaycana gələn turistlərin təxminən yarısı iki ölkənin payına düşür. Həmin müddətdə Azərbaycana gələn hər 100 nəfərin 27-si Rusiya, 22-si isə Türkiyə vətəndaşları olublar. Bununla yanaşı, əvvəlki ilin ilk dörd ayında Azərbaycana gələn turistlərin 11 faizi Hindistanın payına düşürdüsə, indi bu göstərici üç faizədək azalıb. Deməli, gəlmə turizm bazarlarının şaxələndirilməsi və dayanıqlığının gücləndirilməsi prioritet olaraq qalmaqdadır.
İran müharibəsinin region ölkələrinə gələn turistlərin sayına təsirlərinə gəldikdə isə sözügedən müddətdə münaqişə Azərbaycan və Gürcüstana üz tutan turistlərin statistikasında özünü göstərib. Belə ki, Gürcüstana gələn turistlərin sayı bu ilin ilk rübündə 4 faiz artmışdısa, ilk 4 ayda cüzi olsa da azalma qeydə alınıb. Bu da birbaşa İrandan gələn turistlərin sayının 49 faiz azalması ilə bağlıdır. Həmin müddətdə qonşu ölkəyə Hindistandan gələn turistlərin sayında da 29.5 faiz azalma qeydə alınıb".
Vüqar Bayramov həmçinin hesabat dövründə Azərbaycana Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayının 17.1 faiz, MDB ölkələrindən gələnlərin sayı 3.5 faiz artsa da, körfəz ölkələrindən gələnlərin sayı 27.8 faiz azaldığını deyib:
"Ərəb dövlətlərindən gələnlərin sayının azalmasına ümumi faktorlar ilə yanaşı, regiondakı müharibə də xüsusi təsir göstərib.
Bütün bunlarla yanaşı, turizm sektorunda struktur və institusional islahatların daha da dərinləşdirilməsi prioritetdir. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür".