Avropaya səyahət etməyi planlaşdıranlar üçün mühüm yenilik gözlənilir. Avropa İttifaqı (Aİ) Şengen vizası sistemini rəqəmsal formata keçirməyə hazırlaşır. Yeni sistem tam tətbiq edildikdən sonra pasportlardakı ənənəvi viza stikerlərinin yerini rəqəmsal vizalar alacaq. Aİ-nin bildirdiyinə görə, yeni rəqəmsal sistem Şengen vizası üçün müraciət prosesini daha rahat və çevik etməyi hədəfləyir.
Vahid onlayn viza platformasının - EU Visa Portal və rəqəmsal vizaların 2030-cu ildə tam şəkildə qüvvəyə minməsi planlaşdırılır. Keçid mərhələsində sistemin ayrı-ayrı ölkələrdə sınaqdan keçirilməsi və mərhələli şəkildə tətbiqi nəzərdə tutulur.
Maraqlıdır, Avropaya marağı kifayət qədər böyük olan azərbaycanlı turistlər üçün bu dəyişiklik nə vəd edir?
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

QR koda bənzər rəqəmsal viza
Turizmçi Günel Şıxıyeva bildirir ki, Şengen vizasının rəqəmsallaşdırılması ilə vizaya müraciət prosesi xeyli asanlaşacaq:
"Hazırda kağız və fiziki şəkildə həyata keçirilən proseslərin böyük hissəsi onlayn sistemə keçiriləcək. Turist vahid Avropa platformasında müraciət formasını doldura, sənədlərini yükləyə, ödənişini edə və müraciətinin statusunu izləyə biləcək. Əsas məqsəd prosesi həm turist, həm də konsulluqlar üçün daha rahat və təhlükəsiz etməkdir".
Turizmçinin sözlərinə görə, əsas dəyişiklik pasporta rəngli vizanın vurulmaması ilə bağlı olacaq:
"İndiki pasporta yapışdırılan rəngli Şengen viza stikeri gələcəkdə rəqəmsal viza ilə əvəz olunacaq. Rəqəmsal viza kriptoqrafik olaraq imzalanmış 2D barkod formasında olacaq və vizanı saxtalaşdırmaq daha çətin olacaq. Yəni bunu sadə dildə QR koda bənzər rəqəmsal viza kimi izah edə bilərik, amma rəsmi adı 2D barkoddur.

İlk dəfə müraciət edənlər yenə viza mərkəzlərinə getməli olacaqlar
Amma yenilik artıq "heç vaxt viza mərkəzinə getməyəcəyik" demək deyil. İlk dəfə müraciət edənlər, biometrik məlumatları yenilənməli olan şəxslər və müəyyən hallarda yeni pasportla müraciət edənlər yenə şəxsən mərkəzlərə getməli olacaqlar".
G.Şıxıyaeva hesab edir ki, texniki baxımdan turistin özünün müraciət etməsi daha asan olacaq:
"Platforma hətta bir neçə Şengen ölkəsinə gedən şəxsin hansı ölkəyə müraciət etməli olduğunu müəyyənləşdirməyə kömək edəcək. Amma düşünmürəm ki, proses müddətində turizm şirkətlərinə ehtiyac tamamilə aradan qalxacaq. Çünki viza sadəcə anket doldurmaq deyil. Düzgün marşrutun qurulması, otel və aviabilet rezervasiyaları, sığorta, maliyyə sənədləri və ümumiyyətlə dosyenin düzgün hazırlanması yenə vacib olacaq. Sadəcə, turizm şirkətlərinin bu sahədə rolu dəyişəcək və daha çox peşəkar konsultasiya və sənədlərin düzgün hazırlanması istiqamətinə keçəcək".
Turizmçinin fikrincə, sənədlərin onlayn təqdim olunması, ödəniş və məlumat mübadiləsinin elektron aparılması prosesi daha operativ edə və əlavə vaxt itkisini azalda bilər:
"Avropa İttifaqı da rəqəmsallaşdırmanın məqsədlərindən birinin həm müraciət edənlərin, həm də dövlətlərin xərclərini azaltmaq olduğunu bildirir. Amma burada bir şeyi ayırmaq lazımdır: müraciət prosesinin sürətlənməsi vizanın mütləq daha tez veriləcəyi demək deyil. Vizanın verilib-verilməməsi ilə bağlı araşdırma və son qərar yenə müvafiq Şengen ölkəsinin səlahiyyətində qalacaq. Ən vacib məsələ odur ki, sistem bir gündə tam dəyişməyəcək. Hazırda Aİ-nin öz məlumatında da vahid platformanın tətbiqinin mərhələli olacağı göstərilir. Ona görə Azərbaycan vətəndaşları səfər edəcəkləri ölkənin həmin tarixdə hansı müraciət sistemindən istifadə etdiyini mütləq yoxlamalıdırlar".

"Hər şeyi kağız şəklində hazırlamaq ehtiyacı azalacaq"
Turizmçi Telman Hacıyev hesab edir ki, vizanın rəqəmsallaşması turist üçün daha rahat və daha az kağız işi deməkdir:
"Müraciət prosesi böyük ölçüdə onlayn platformaya keçiriləcək. Rəqəmsal viza xüsusi 2D barkod formatında olacaq və vizanın sahibinin fotoşəkli də sistemdə yer alacaq. Sərhəddə məlumatlar elektron sistem üzərindən yoxlanılacaq və vizanın saxta olub-olmadığı, həmçinin həmin şəxsə aid olub-olmadığı müəyyən ediləcək. Ərizə və tələb olunan sənədlərin böyük hissəsi elektron formada təqdim olunacaq. Sistem hansı sənədlərin lazım olduğunu da göstərəcək. Yəni əvvəlki kimi hər şeyi kağız şəklində hazırlamaq ehtiyacı azalacaq".

"Keçid dövründə bir qədər səbirli olmaq lazım olacaq"
Yeni sistem heç də bütün müraciətçilər üçün tamamilə onlayn olmayacaq, ilk dəfə müraciət edən və biometrik məlumat təqdim etməli olan şəxslər müəyyən hallarda yenə də şəxsən viza mərkəzinə getməli olacaqlar:
"Xüsusilə barmaq izi və foto kimi biometrik məlumatlarla bağlı fiziki iştirak tələb oluna bilər. Rəqəmsallaşmanın əsas məqsədlərindən biri prosesi daha sürətli və effektiv etməkdir. Amma bu, avtomatik olaraq vizanın daha tez veriləcəyi anlamına gəlmir. Müraciətin baxılma müddəti yenə də konsulluğun qərarından və sənədlərin vəziyyətindən asılı olacaq. İlk mərhələdə sistemə uyğunlaşma, texniki problemlər həm turistlərin, həm də viza mərkəzlərinin yeni prosedurlara alışması müəyyən çətinliklər yarada bilər. Ona görə keçid dövründə bir qədər səbirli olmaq lazım olacaq".
Turizm şirkətlərinin işinə gəlincə, T.Hacıyev hesab edir ki, onların işi tamamilə aradan qalxmayacaq:
"Əksinə, turistlər üçün düzgün sənədlərin hazırlanması, ərizənin düzgün doldurulması və prosesin dəqiq yönləndirilməsi yenə vacib olacaq. Sadəcə, işin böyük hissəsi kağızdan elektron sistemə keçəcək. Əgər sistem problemsiz işləsə, müraciət prosesi daha rahat, şəffaf və sürətli olacaq. Xüsusilə Azərbaycandan Avropaya tez-tez səyahət edən turistlər üçün bu, kifayət qədər müsbət dəyişiklikdir. Amma ilk mərhələdə sistemin necə işləyəcəyini görmək lazımdır".