“Yaxın gələcəkdə iki və üçulduzlu hotellər şəbəkəsinin yaradılması nəzərdə tutulur. Bununla da ölkəmizə müxtəlif təbəqələrdən olan xarici turistlərin axını təmin edilmiş olacaq”.
Oxu.Az xəbər verir ki, bu barədə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm Assosiasiyasında (AZTA) turizm şirkətlərinin nümayəndələri ilə toplantıda deyib.
Nazir deyib ki, Azərbaycanda turizm sənayesinin inkişafı üçün atılan addımlar öz bəhrəsini verməkdədir:
“Bu gün turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı qüvvəsinə çevrilməkdədir. Son bir neçə ildə ölkəmizdə böyük turizm infrastrukturu qurulub, brend hotellər istifadəyə verilib.
Bunun nəticəsində dünya turizm bazarında Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınıb. İndi bu sahədə görülən işlər davam etdirilməkdədir”, - deyə Ə.Qarayev əlavə edib.
Ülviyyə R. Əli
www.oxu.az