Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Son dörd ayda ərəb ölkələrindən Azərbaycana nə qədər turist gəlib?
"Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayında yenidən artımlar qeydə alınıb".
Oxu.Az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial media hesabında bildirib.
Onun sözlərinə görə, bu ilin ilk dörd ayında ərəb ölkələrindən gələnlərin sayı 1,6 dəfə artsa da, Avropa İttifaqı və MDB dövlətləri üzrə artım sadəcə faizlə ifadə olunur:
"Avropadan gələnlərin sayı 35,6 faiz, keçmiş müttəfiqlərimizin coğrafiyasını təmsil edən turistlərin sayı isə 30,3 faiz artıb. Körfəz dövlətlərindən gələnlərin sayının artması turizm mövsümünün başlanması və bu istiqamətdə təbliğat-təqdimat tədbirlərinin genişləndirilməsi ilə bağlıdır. Bütövlükdə, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,9 faiz artaraq 726,4 min nəfərə çatıb. Gələnlərin 28,8 faizi Rusiya, 19,0 faizi Türkiyə, 9,7 faizi İran, 8,4 faizi Hindistan, 4,6 faizi Gürcüstan, 3,1 faizi Qazaxıstan vətəndaşlarıdır. Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,3 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,1 dəfə, Cənubi Koreyadan - 2,0 dəfə, Səudiyyə Ərəbistanından - 2,0 dəfə, Bəhreyndən - 2,0 dəfə, Qırğızıstandan - 1,9 dəfə, Filippindən - 1,9 dəfə, Omandan - 1,9 dəfə, İspaniyadan - 1,8 dəfə, İrandan - 1,6 dəfə, Tacikistandan - 1,6 dəfə, Misirdən - 1,5 dəfə, Türkmənistandan - 1,5 dəfə, Küveytdən - 1,5 dəfə artıb. Göründüyü kimi, gələn turistlərin sayındakı əsas artımlar yenə də Asiya ölkələrinin payına düşür".
"Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2,7 milyard dollara yaxın idi. Bu sektor, həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk dörd ayında ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır", - deyə V.Bayramov qeyd edib.
"turizm" teqi üzrə xəbərlər
- Turistlərin nəzərinə: Maldiv adalarında yeni qadağa
- Azərbaycanda qış turizm mövsümünə start verilib
- Yeni il bayramında xaricə səfər neçəyə başa gələcək? - QİYMƏTLƏR
- Masaru Takayama: "İqlim dəyişikliyi ilə mübarizədə ekoturizmin fəaliyyətini gücləndirmək lazımdır"
- Bələdçilərin "növbəti səfərinizə saxlamayın" dediyi kənddən REPORTAJ
Rəylər